Rusiya Ukraynaya sülh danışıqlarının yeni mərhələsinin iyunun 2-də İstanbulda keçirilməsi ilə bağlı rəsmi təklif irəli sürüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov yazılı açıqlama yayıb. Onun sözlərinə görə, danışıqların yenidən başlaması Türkiyə, ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi və dəstəyi ilə mümkün olub.
Lavrov qeyd edib ki, Rusiya tərəfi danışıqlar nəticəsində davamlı sülhə nail olmaq məqsədilə xüsusi memorandum hazırlayıb:
"Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətimiz hazırlanan memorandumu Ukrayna tərəfinə təqdim etməyə və 2 iyun tarixində İstanbulda baş tutacaq birbaşa danışıqların ikinci raundunda bu sənəd üzrə izahat verməyə tam hazırdır", – deyə Lavrov bildirib.