Türkiyənin Şanlıurfa vilayətinin Birecik rayonunda torpaq üstündə yaranan mübahisə qarşıdurmaya səbəb olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, əmioğluları arasında baş verən silahlı və küt alətlərlə olan insident nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə gecə saatlarında rayonun Haydarəhmet məhəlləsində qeydə alınıb. Əldə edilən məlumata görə, torpaq sahəsi ilə bağlı yaranan mübahisə qısa müddətdə daş, dəyənək, bıçaq və silahların istifadə edildiyi kütləvi dava ilə nəticələnib.
Münaqişəyə polis müdaxilə edib və dava nəzarət altına alınıb. Yaralanan 11 nəfər dərhal xəstəxanalara yerləşdirilib. Onlardan 25 yaşlı Mehmet Bulut və 27 yaşlı İbrahim Bulutun həyatını xilas etmək mümkün olmayıb. Ağır yaralanan 27 yaşlı Əli Bulut isə səhər saatlarında dünyasını dəyişib. Beləliklə, hadisədə ölənlərin sayı üçə çatıb.
Həlak olanların cənazələri müvafiq tibbi ekspertizadan sonra ailələrinə təhvil verilib. Hazırda xəstəxanada müalicə alan 8 nəfərin vəziyyəti nəzarətdə saxlanılır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.