Cənubi Afrika Respublikasında 6 yaşlı Coşlin Smitin yoxa çıxması ilə bağlı dəhşətli faktlar üzə çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, azyaşlı qızcığaz anası tərəfindən cəmi 800 funt sterlinq müqabilində falçıya satılıb. Uşağın gözlərinin açıq rəngdə və dərisinin ağ olduğu üçün xüsusi olaraq axtarıldığı bildirilib.
BBC-nin məlumatına görə, Coşlin Smit fevral ayında Keyptaun yaxınlığındakı Saldanha körfəzində yerləşən evlərinin qarşısından yoxa çıxıb. Hadisə ictimaiyyətdə böyük səs-küyə səbəb olub. Balaca qızın axtarışları hələ də davam etdirilsə də, ondan heç bir iz tapılmayıb.
Məhkəmədə məlum olub ki, Coşlinin anası Kelli Smit uşağını məqsədli şəkildə falçıya satıb. Bu şok fakt məhkəmə prosesində üzə çıxıb və ictimaiyyətin hiddətinə səbəb olub. Məhkəmə ananı və hadisədə təqsirləndirilən digər iki nəfəri insan alverində təqsirli bilib və onlara ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.
Cənubi Afrika prokurorları azyaşlının köləliyə satıldığını iddia etsələr də, bu, məhkəmə zamanı tam sübuta yetirilməyib.