Alimlər ilk dəfə Günəşə bənzəyən ulduzun ətrafındakı toz diskində su aşkar ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Johns Hopkins" universitetinin rəhbərliyi ilə aparılan araşdırmada NASA-nın Ceyms Uebb Kosmik Teleskopu (JWST) Yerdən 155 işıq ili uzaqlıqda yerləşən “HD 181327” adlı gənc ulduz sisteminin ətrafında su buzunun mövcudluğu müəyyən edilib.
“HD 181327” ulduzunun yaşı 23 milyon il olub, o, Günəş sisteminin çox erkən mərhələlərindəki analoqu kimi qiymətləndirilir. Ulduzun ətrafında hələ planetlərin əmələ gəlməsi üçün kifayət qədər yetişməmiş sıx toz və qaz diski mövcuddur. Tədqiqatçılar JWST-nin yaxın infraqırmızı spektroqrafı (NIRSpec) vasitəsilə suya xas kimyəvi işarələri aşkar ediblər.
Aşkar olunan su buzunun böyük hissəsi sistemin xarici kəmərində toplanıb və ümumi kütlənin 20 faizindən çoxunu təşkil edir. Bu quruluş Günəş sistemindəki toz-qarışıq buz kütlələrinə bənzər xüsusiyyət daşıyır.
Ulduza yaxınlaşdıqca buzun miqdarı azalır. Diskdə demək olar ki, su yoxdur. Bu, ulduzun yaydığı ultrabənövşəyi radiasiyanın buzları buxarlandırması ilə əlaqələndirilir.
Tədqiqatın aparıcı müəllifi Chen Xie bildirib ki, buzlaq strukturların mövcudluğu planetlərin əmələ gəlməsini asanlaşdırır və suyun gələcək qayalı planetlərə daşınması mümkün ola bilər.
Bundan əlavə, HD 181327 sistemi ətrafında toqquşmalar müşahidə olunub, buzlu hissəciklər kosmosa səpələnir ki, bu da sistemin hələ də aktiv formalaşma mərhələsində olduğunu təsdiqləyir.