Milyarder iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampın vergi və xərcləmə qanun layihəsini sərt ifadələrlə tənqid edib.
Manset.az xəbər verir ki, Mask sosial mediada paylaşımında bu qanun layihəsini “iyrənc biabırçılıq” adlandıraraq, ona səs verənləri qınayıb.
“Artıq buna dözə bilmirəm. Bu nəhəng və talançı Konqres xərcləri haqqında qanun layihəsi utancvericidir. Səs verənlər səhv etdiklərini bilməlidir,” – deyə Mask vurğulayıb.
Onun sözlərinə görə, bu qanun layihəsi ABŞ-nin büdcə kəsirini daha da artıracaq və qeyri-davamlı borcların artmasına səbəb olacaq. Maskın sərt mövqeyi fiskal mühafizəkar respublikaçı senatorlar arasında Trampa qarşı çıxışları gücləndirə bilər.
Qeyd edək ki, Mask keçən həftə Ağ Evdə hökumətin səmərəliliyinin artırılması ilə bağlı qurumda çalışdığı postunu tərk edib. O, bu qanun layihəsinin hökumətin israfçılıqla mübarizə səylərini əngəlləyəcəyini bildirib.