İspaniyanın tanınmış teatr, televiziya və kino aktrisası Kristina Fenollar 60 yaşında dünyasını dəyişib.
Manset.az xəbər verir ki, aktrisa doğulduğu Alikante şəhərində vəfat edib.
Bu barədə Valensiya Regional Mədəniyyət Nazirliyi məlumat yayıb. Qurumun sosial şəbəkə hesablarında yayımlanan açıqlamada aktrisanın sənət fəaliyyətinə və qazandığı uğurlara toxunularaq, onun vəfatı ilə bağlı dərin hüzn ifadə olunub.
1965-ci ildə anadan olan Kristina Fenollar televiziya tamaşaçılarına xüsusilə "Aida", "Hospital Central", "El Comisario", "Yo soy Bea", "El verdadero Rodrigo Leal" və "Compañeros" kimi məşhur ispan seriallarındakı rolları ilə tanış idi. O, həmçinin Valensiyada səhnələşdirilən bir çox teatr tamaşalarında da çıxış edib.
Fenollar sənət fəaliyyəti dövründə müxtəlif mükafatlara layiq görülüb və İspaniyada tanınmış simalardan biri olub.