Ukrayna nümayəndə heyətinin tərkibində yer alan Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Almaniyada keçirilən sülh danışıqlarında real irəliləyiş əldə olunduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən yüksəkvəzifəli ABŞ rəsmiləri isə “Görüş uğurlu keçdi, Tramp mövcud vəziyyətdən razıdır” ifadələrini işlədiblər.
Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ilə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti arasında Almaniyanın paytaxtı Berlində keçirilən danışıqlar bu gün baş tutan toplantı ilə yekunlaşıb. Dünən beş saatdan artıq davam edən görüşdən sonra tərəflər arasında aparılan sülh müzakirələri bu gün təxminən bir saat yarımlıq toplantı ilə başa çatıb.