ABŞ və İsrailin hücum əməliyyatları fonunda üç Amerika F-15 qırıcı təyyarəsinin Küveyt Hərbi Hava Qüvvələrinə məxsus təyyarə tərəfindən “təsadüfən” vurulduğu bildirilir.
Manset.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, hadisə martın 1-də baş verib. İlkin məlumatlara əsasən, Küveytə məxsus F/A-18 qırıcısının pilotu ABŞ-ya məxsus üç ədəd “F-15E Strike Eagle” təyyarəsinə üç raket atıb. Nəticədə hər üç təyyarə qəzaya uğrayıb.
ABŞ rəsmisi nəşrə açıqlamasında pilotların katapult edərək, sağ qalmağı bacardıqlarını deyib.
Qeyd olunub ki, hadisə İran pilotsuz uçuş aparatının Küveytin hava məkanını pozaraq, ticarət limanında yerləşən taktiki əməliyyat mərkəzinə zərbə endirməsindən və altı ABŞ hərbçisinin həlak olmasından qısa müddət sonra baş verib. Mənbələrin iddiasına görə, Küveyt qüvvələri radar sistemlərində ABŞ təyyarələrinin uçuşunu aşkar etdikdən sonra vəziyyəti təhlükə kimi qiymətləndirərək atəş açıblar.
Materialda mürəkkəb regional hava əməliyyatlarının yaratdığı risklərə də diqqət çəkilir. Keçmiş hərbçilərə istinadən bildirilir ki, çoxsaylı təyyarə, raket və pilotsuz aparatların eyni vaxtda fəaliyyəti hava hücumundan müdafiə sistemləri üçün dost və düşmən hədəflərinin ayırd edilməsini çətinləşdirir.
Qəzet vurğulayır ki, 1970-ci illərdən bəri F-15 qırıcıları hava döyüşlərində düşmən təyyarələri tərəfindən vurulmayıb. Bununla belə, belə xaotik şəraitdə yerüstü müdafiə bölmələrinin səhv qərar vermə ehtimalı artır.
Məlumata görə, 1990-cı illərin sonlarında bir ədəd “F-15E Strike Eagle” təyyarəsinin dəyəri təxminən 31,1 milyon dollar olub. Yeni nəsil “F-15EX Eagle II” təyyarələrinin isə təxminən 100 milyon dollara başa gəldiyi bildirilir.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç “F-15E Strike Eagle” qırıcısı 1 mart tarixində Küveytdə qəzaya uğrasa da, pilotlar xilas ola biliblər.