“Oskar” mükafatlı rejissor Pavel Talankinin “Mr. Nobody Against Putin” adlı sənədli filmi ilə qazandığı qızıl heykəlcik John F. Kennedy Beynəlxalq Hava Limanında təhlükəsizlik yoxlamasından sonra itib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Almaniyaya uçmağa hazırlaşan Talankin bildirib ki, əl yükündə olan “Oskar” heykəlciyinin “silah kimi istifadə oluna biləcəyi” əsas gətirilərək kabinəyə keçirilməsinə icazə verilməyib.
Qeydiyyata verilmiş baqajı olmayan rejissora kömək edən Lufthansa əməkdaşları mükafatı qutuya yerləşdirərək yük bölməsinə göndəriblər. Lakin təyyarə Almaniyaya çatdıqdan sonra heykəlin itdiyi məlum olub.
Lufthansa şirkəti açıqlamasında baş verən hadisədən dərin təəssüf hissi keçirdiklərini və mükafatın tapılması üçün geniş daxili araşdırmaya başlanıldığını bildirib.
Filmin icraçı prodüseri Robin Hessman isə qeyd edib ki, Talankin əvvəllər həm “Oskar”, həm də “BAFTA” mükafatları ilə dəfələrlə səyahət edib və heç vaxt belə problemlə üzləşməyib.
Pavel Talankin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bir rus məktəbində artan müharibə təbliğatını əks etdirən sənədli filmi ilə bu il “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” qazanıb.