ABŞ Prezidenti Donald Tramp İranla əldə olunması nəzərdə tutulan saziş üzrə prosesin ikinci mərhələyə keçdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, İranla bağlı razılaşmanı ədalətli hesab etdiyini bildirib.
Fransanın Évian-les-Bains şəhərində keçirilən G7 Zirvəsi çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, ABŞ İrana heç bir sərmayə yatırmır və təqdim olunan sazişi ədalətli hesab edir.
ABŞ liderinin sözlərinə görə, İranın nüvə silahına malik olmasına imkan verilməyəcək. O vurğulayıb ki, İran nə nüvə silahı istehsal edə, nə də əldə edə biləcək, əks halda bunun ağır nəticələri olacaq.
Tramp həmçinin İranda hakimiyyət dəyişikliyi ideyasını dəstəkləmədiyini bildirib. Onun sözlərinə görə, keçmişdə bu istiqamətdə cəhdlər göstərilsə də, həmin təşəbbüslər uğur qazanmayıb.