2020-ci
il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusunun Qubadlı şəhərini 27 illik işğaldan azad etməsi 44 günlük
Vətən müharibəsinin həlledici mərhələlərindən biri oldu. Bu qələbə Azərbaycanın
hərbi-strateji üstünlüyünü möhkəmləndirməklə yanaşı, ölkəmizin ərazi
bütövlüyünün bərpasına doğru mühüm addım kimi tarixə düşdü. Prezident İlham
Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabr gününün Qubadlı
şəhəri günü kimi təsis edilməsi bu tarixi hadisənin əhəmiyyətini əbədiləşdirir.
Bu əlamətdar gün xalqımızın mübarizə əzmini, Ordumuzun qəhrəmanlığını və
işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən qurulması istiqamətində həyata
keçirilən siyasəti təcəssüm etdirir.
Azərbaycanın
cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu
əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri və kənd təsərrüfatı
potensialı ilə seçilir. Sahəsi 802 kvadratkilometr olan rayon Həkəri və
Bərgüşad çaylarının vadilərini, məhsuldar düzənlikləri və geniş meşə sahələrini
əhatə edir. İşğaldan əvvəl əkinçilik və heyvandarlıq rayonun iqtisadiyyatının
əsasını təşkil edirdi. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
Qubadlının inkişafına ağır zərbə vurdu. 1993-cü il avqustun 31-də rayon işğal
edildi, təxminən 30 min sakin doğma yurdunu tərk etmək məcburiyyətində qaldı.
Yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur və mədəni irs ciddi
dağıntılara məruz qaldı.
2020-ci
il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu yüksək döyüş
hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı
ərazilərin azadlığı uğrunda uğurlu əməliyyatlar həyata keçirdi. Qubadlı
istiqamətində döyüşlər mürəkkəb şəraitdə aparılır, şəhər ətrafındakı
yüksəkliklərdə möhkəmlənmiş düşmən qüvvələri ciddi müqavimət göstərirdi.
Ordumuzun qətiyyətli və peşəkar fəaliyyəti nəticəsində oktyabrın 25-də Qubadlı
şəhəri işğaldan azad edildi. Qubadlı qələbəsinin əhəmiyyəti şəhərin azad
olunması ilə məhdudlaşmırdı. Bu uğur Laçın istiqamətində irəliləyiş üçün
əlverişli şərait yaratdı, düşmənin hərbi imkanlarına təzyiqi artırdı və Şuşa
istiqamətində əməliyyatların davam etdirilməsinə strateji zəmin formalaşdırdı. Qubadlının
azad edilməsi Vətən müharibəsinin sonrakı gedişinə təsir göstərən mühüm hərbi
nailiyyətlərdən biri oldu. Şəhərdə Azərbaycan Bayrağının yenidən dalğalanması
xalqımızın qələbə əzmini daha da gücləndirdi.
Qubadlı
azad edildikdən sonra rayonun bərpası, müasir infrastrukturun yaradılması və
keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham
Əliyevin azad edilmiş ərazilərə səfərləri və mühüm layihələrin icrasına
göstərdiyi diqqət bölgənin kompleks inkişafına təkan verir. 2020-ci il dekabrın
23-də Qubadlıda Azərbaycan Bayrağını ucaldan dövlət başçısı 2021-ci il
oktyabrın 25-də şəhərə səfəri zamanı Xanlıq-Qubadlı avtomobil yolunun təməlini
qoydu, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi
hissə kompleksinin açılışında iştirak etdi. Bu addımlar bölgənin enerji
təminatının, nəqliyyat bağlantılarının və təhlükəsizlik infrastrukturunun
möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2023-cü
il mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600
şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməli
qoyulub. Eyni zamanda, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin yenidən
qurulmasına başlanılıb. Bu layihələr yaşayış evləri ilə yanaşı, təhsil, səhiyyə
və digər ictimai xidmətlərin müasir standartlara uyğun təşkilini nəzərdə tutur.
Rayonun enerji infrastrukturunun inkişafı da bərpa prosesinin əsas istiqamətlərindəndir.
2021-ci ildə istifadəyə verilən 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyası
və 76 kilometr uzunluğunda çəkilən yüksək gərginlikli elektrik verilişi xətləri
bölgənin ölkənin enerji sisteminə inteqrasiyasını gücləndirib. Fiberoptik kabel
infrastrukturunun yaradılması isə sürətli internetə çıxış və rəqəmsal xidmətlərin
inkişafı üçün imkanlar açır.
Nəqliyyat
şəbəkəsinin yenilənməsi Qubadlının iqtisadi potensialının reallaşdırılması
baxımından xüsusi əhəmiyyət daşıyır. Qubadlı-Eyvazlı avtomobil yolunun
tikintisi yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılmasına, əhalinin
hərəkət imkanlarının genişlənməsinə və bölgənin iqtisadi əlaqələrinin
güclənməsinə xidmət edir. Qubadlı-Laçın avtomobil yolu layihəsi də regionun
nəqliyyat bağlantılarının inkişafına yönəlmiş tədbirlərin tərkib hissəsidir.
Qubadlı
şəhərinin gələcək inkişafı məqsədilə strateji planlaşdırma sənədləri də qəbul
edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda
“Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq
edib. Sənəd yaşayış məhəllələrinin, sosial obyektlərin və mühəndis-kommunikasiya
sistemlərinin planlı şəkildə qurulmasını, müasir şəhərsalma prinsiplərinin
tətbiqini nəzərdə tutur. Həyata keçirilən layihələr sakinlərin təhlükəsiz və
rahat yaşayış şəraitinin təmin olunmasına, məşğulluq imkanlarının
genişləndirilməsinə və rayonun sosial-iqtisadi həyatının canlanmasına
hesablanıb.
Qubadlının azad edilməsi ilə başlanan tarixi mərhələ bu gün quruculuq və Böyük Qayıdış prosesi ilə davam edir. Üçrəngli Azərbaycan Bayrağının Qubadlı səmasında dalğalanması dövlət suverenliyimizin, xalqımızın sarsılmaz iradəsinin və gələcəyə inamının təcəssümüdür. Qubadlının zəngin torpaq və su ehtiyatları, meşələri, əlverişli təbii şəraiti və təsərrüfat ənənələri gələcək inkişaf üçün geniş imkanlar yaradır. Bu potensialın səmərəli istifadəsi kənd təsərrüfatının və sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin rifahının yüksəlməsinə xidmət edəcək.
Vasif Qafarov,
Milli Məclisin deputat