ABŞ Prezidenti Donald Trampın təsis etdiyi “Twitter”ə bənzər sosial media platforması Truth Social yüksək sürətli ticarət əməliyyatları aparan şirkətlərə prezidentin paylaşımlarına millisaniyələr əvvəl çıxış imkanı vermək üçün əlavə ödəniş tətbiq etməyə başlayacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni sistemə əsasən, ödəniş edən istifadəçilər Trampın Truth Social hesabında etdiyi paylaşımları digər istifadəçilərdən bir neçə millisaniyə əvvəl görə biləcəklər. Bir neçə saniyə sonra isə paylaşımlar adi hesabların lentində görünəcək.
Trampın sosial şəbəkədəki paylaşımları maliyyə bazarlarında ciddi dəyişikliklərə səbəb ola bildiyi üçün bu məlumatlara erkən çıxış şirkətlər üçün üstünlük yarada bilər.
“Trump Media & Technology Group” şirkəti dünən verdiyi açıqlamada “Truth API” adlı yeni məlumat xidmətinin istifadəyə verildiyini elan edib.
Donald Trampın Truth Social platformasında təxminən 12 milyon izləyicisi var. Tamamilə rəqəmsallaşan maliyyə bazarlarında məlumatlara millisaniyələr əvvəl sahib olmaq şirkətlərə üstünlük qazandırır və bu məqsədlə bəzi şirkətlər rabitə xətləri və texnoloji infrastruktura yüz milyonlarla dollar sərmayə yatırırlar.