Macarıstanda 24 yaşlı gənc yüngül mühərrikli təyyarəni qaçıraraq “Pakş” Atom Elektrik Stansiyasına (AES) doğru yönəldib.
Manset.az Macarıstanın HVG nəşrinə istinadən xəbər verir ki, aerodroma gizlicə daxil olan şəxs “Cessna 172” təyyarəsini ələ keçirərək AES istiqamətində uçuş həyata keçirib.
Qeyd edək ki, qaydalara əsasən, mülki təyyarələrin stansiyaya 3 kilometrdən çox yaxınlaşması və 6 min metrədək hündürlüyə qalxması qadağandır.
Məlumatsız uçuş hərbi radarlar tərəfindən təyin olunduqdan dərhal sonra təyyarəni zərərsizləşdirmək üçün iki “JAS 39 Gripen” qırıcısı havalandırılıb. Lakin hərbçilərin müdaxiləsinə ehtiyac qalmayıb və idarəetməni itirən pilot təyyarəni tarlaya məcburi endirməli olub.
Yerli polisin məlumatına görə, təyyarə yerə endikdən sonra şübhəli şəxs ona kömək etmək üçün yolda saxladığı avtomobillə ərazidən qaçmağa cəhd edib. Lakin sürücü buna imkan verməyib. Qısa zaman sonra gənc polis tərəfindən saxlanılıb.