Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətinin Oleşki şəhəri yaxınlığında humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar atəşkəs rejimi tətbiq edəcək.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov məlumat verib.
Onun sözlərinə görə, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00-dan) Xerson istiqamətində atəş dayandırılacaq.
“Xerson vilayətinin Oleşki yaşayış məntəqəsi ərazisində humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar Rusiya Silahlı Qüvvələri oktyabrın 27-si saat 04:00-dan etibarən Xerson istiqamətində atəşi dayandırır və sükut rejimi tətbiq edir”, – Gerasimov bildirib.
Atəşkəs rejiminin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.