logo
logo logo
logo

"Yarımçıq əlyazma” romanının ispan dilində nəşrinin təqdimatı keçirildi - FOTOLAR

15:11 - 23 Oktyabr 2026

\"Yarımçıq əlyazma” romanının ispan dilində nəşrinin təqdimatı keçirildi - FOTOLAR

Oktyabrın 23-də XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının ispan dilində nəşrinin təqdimatı keçirilib. 


Manset.az xəbər verir ki, tədbir İspaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. 

İspaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia çıxışında Azərbaycan və İspaniya arasında mədəni əlaqələrin inkişafında ədəbiyyatın və tərcümə layihələrinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan ədəbiyyatının ispan dilində nəşrinin ölkənin zəngin ədəbi irsinin daha geniş oxucu auditoriyasına çatdırılması baxımından əhəmiyyətli olduğunu qeyd edib. 

Əsərin geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu vurğulayan diplomat çıxışında “Yarımçıq əlyazma”nı müasir Azərbaycan ədəbiyyatının ən böyük romanlarından biri olduğunu, əsərdə mifin, fəlsəfənin, tarixi yaddaşın və siyasi düşüncənin mürəkkəb bir narrativ arxitekturada birləşdiyini söyləyib. 

Qeyd olunub ki, qədim türk dastan ənənələrindən və “Kitabi-Dədə Qorqud” dünyasından ilhamlanan bu roman itirilmiş əlyazmaların, çoxsaylı səslərin və ziddiyyətli hekayələrin hökm sürdüyü parçalanmış bir dünyanı yenidən qurur. 

Söylənilib ki, Kamal Abdulla sıx simvolik və poetik yazı üslubu ilə həm Şərq ənənəsi, həm də müasir Avropa romanı ilə dialoq quran bir əsər yaradıb. Roman oxucuya “mütləq bir həqiqətə çatmağın qeyri-mümkünlüyünü” və tarixin necə nisbi olduğunu göstərir”. 

Daha sonra çıxış edən Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Yarımçıq əlyazma” romanının Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, əsərin ideya-məzmun xüsusiyyətlərindən və onun müxtəlif dillərə tərcüməsinin əhəmiyyətindən danışıb. 

Bildirib ki, bədii əsərlərin xarici dillərdə nəşri milli ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni dialoqun gücləndirilməsi baxımından mühüm rol oynayır. 

Təqdimat zamanı romanın ispan dilində nəşrinin Azərbaycan ədəbiyyatının dünya miqyasında tanıdılmasına, eləcə də Azərbaycan və İspaniya arasında ədəbi-mədəni əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb. 

Əsərin ispan dilinə tərcüməsində ADU-nun müəllimləri Jalə Qənbərli, Aynur Quliyeva, Rəhimə Məmmədova, Gülnar Mustafayeva, Aytən Əliyeva, Dürnisə Ağayeva və Günel Qəmbərova iştirak ediblər. Tərcümə prosesində AZƏRTAC-ın ispan dilində xəbər buraxılışının redaktoru Nuridə Aslanova da yaxından iştirak edib. 

Müasir Azərbaycan ədəbiyyatının diqqətəlayiq nümunələrindən olan “Yarımçıq əlyazma” romanında mif, tarix və fəlsəfi düşüncə özünəməxsus bədii üslubda bir araya gəlir. “Kitabi-Dədə Qorqud” motivlərinə yeni baxış təqdim edən əsər tarixi yaddaş, kimlik və həqiqət axtarışı kimi mövzularla oxucunu düşünməyə sövq edir.

 Qeyd edək ki, Kamal Abdullanın ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı "Yarımçıq əlyazma" ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub. 

“Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Roman Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub. 

Azərbaycanda müxtəlif ödüllər alan roman 21 sentyabr 2015-ci ildə İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib. 

Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az