Türkiyədə Oltu-Ərzurum şosesində idarəetmədən çıxan avtomobil yolun genişləndirilməsi işlərinin aparıldığı əraziyə düşüb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, faciəli qəza Oltu-Ərzurum magistral yolunda, Aksu məhəlləsi yaxınlığında baş verib. Sürücünün idarəetməsindən çıxan avtomobil yolun genişləndirilməsi işlərinin aparıldığı əraziyə düşüb. Qəza nəticəsində avtomobildə olan Canpolat K., Ahmet Emin Ö. və Yiğit Can Ç. həyatlarını itiriblər.
Son illərdə həmin ərazidə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin tez-tez baş verməsi ictimai narazılığa səbəb olub. Vətəndaşlar, xüsusilə yolun təhlükəli hissəsi ilə bağlı daimi tədbirlərin görülməsini tələb edirlər.
Yerli sakinlər indiyədək görülən tədbirlərin qeyri-kafi olduğunu bildiriblər. Vətəndaşlar təcili qəza çıxışları kimi tədbirlərlə yanaşı, yolun təhlükəsizliyini təmin etmək üçün daha əhatəli işlərin görülməsini tələb edirlər.
Siyasətçilərin seçki dövrlərində bölgə üçün tunel tikəcəklərinə dair vədlər verdiyini xatırladan sakinlər deyiblər: "Artıq yeni qəzalar görmək və ya insan itkisi yaşamaq istəmirik. Bu yol üçün daimi bir həll yolu tapılmasını istəyirik".