Eskişehirin Sivrihisar və Beylikova rayonlarında torium, barit, flüorit və nadir torpaq elementlərinin iqtisadiyyata cəlb edilməsi məqsədilə yeni layihələr üçün yol açılıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Eskişehirdə yeraltı sərvətlərin iqtisadiyyata inteqrasiyası istiqamətindəki səylər sürətlənir. Prezidentin fərmanı ilə Sivrihisar və Beylikova rayonlarının ərazisində yerləşən müəyyən mülklərin təcili olaraq özgəninkiləşdirilməsinə icazə verilib. Fərman "Rəsmi Qəzet"də dərc edildikdən sonra qüvvəyə minib.
Özgəninkiləşdirmə qərarı "Eti Maden" Əməliyyatları Baş İdarəsinin idarəçiliyi altında olan lisenziyalı ərazidə həyata keçiriləcək layihələri əhatə edir. Regionda torium, barit, flüorit və nadir torpaq elementləri ilə bağlı mədənçilik fəaliyyətləri və investisiya layihələri reallaşdırılacaq.
Layihələr təkcə mədən sahələrinin istismarını deyil, həm də filiz emalı üçün müxtəlif sənaye obyektlərinin yaradılmasını nəzərdə tutur.