Süni intellekt üçün çiplər istehsal edən Nvidia şirkətinin rekord həcmdə səhm geri alışı ilə bağlı qərarı süni intellektə tələbatın uzunmüddətli xarakter daşıdığına dair inamın göstəricisi kimi qiymətləndirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin baş icraçı direktoru (CEO) Jensen Huang bildirib ki, Nvidia-nın formalaşdırdığı pul vəsaiti axını həm texnologiyalara sərmayə qoymağa, həm də səhmdarlara vəsait qaytarmağa imkan verir.
Nvidia səhm geri alışı proqramının həcmini rekord səviyyəyə - 150 milyard dollara çatdırıb. Bu məbləğ 2024-cü ildə Apple şirkətinin elan etdiyi 110 milyard dollarlıq rekord göstəricini də geridə qoyur. Nvidia-nın yeni geri alış proqramı S&P 500 indeksinə daxil olan şirkətlərin böyük əksəriyyətinin göstəricilərini üstələyir.
Qərar şirkətin səhmlərinin son 10 ildən artıq müddətdə qeydə alınan ən aşağı qiymət-gəlir (F/K) əmsalı ilə satıldığı bir vaxtda açıqlanıb.
Xəbərin yayılmasından sonra ABŞ-nin Kaliforniya ştatında yerləşən Nvidia şirkətinin səhmlərinin qiyməti təxminən 2 faiz artıb.
Son birja sessiyasının yekunlarına əsasən, Nvidia səhmləri cari ilin əvvəlindən etibarən 20 faizdən çox bahalaşıb.