Vyetnamda mirvarilərin yetişdirilməsi və qiymətli zinət əşyalarına çevrilməsi prosesi beş ildən çox davam edə bilir.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, ölkənin məşhur Ha Lonq körfəzində fəaliyyət göstərən mirvari fermalarında istehsalın uğur göstəricisi cəmi 30-40 faiz təşkil edir.
Zinət əşyalarının hazırlanması üçün yararlı olan bir mirvarinin qiyməti keyfiyyətindən, ölçüsündən, formasından, rəngindən və parlaqlığından asılı olaraq 50 dollardan 5 min dollara, bəzi hallarda isə daha yüksək məbləğə çata bilir.
Ha Lonq körfəzində yerləşən üç mirvari fermasında hər il təxminən 200-300 kiloqram zərgərlik keyfiyyətli mirvari istehsal olunur.
Mirvari yetişdirilməsi zamanı xüsusi üsulla hazırlanmış nüvə və toxuma parçası molyuskun daxilinə yerləşdirilir. Molyusk həmin nüvənin ətrafında tədricən sədəf təbəqələri əmələ gətirir. Bu proses bir neçə il davam edir.
Yetişdirmə müddətində molyuskların sağlamlığına, suyun temperaturuna və keyfiyyətinə xüsusi nəzarət olunur. Əlverişsiz şərait mirvarinin formalaşmasına və keyfiyyətinə təsir göstərə bilir.
Toplanan mirvarilər ölçüsünə, səthinin hamarlığına, rənginə, formasına və parlaqlığına görə çeşidlənir. Daha yüksək keyfiyyətli nümunələr boyunbağı, sırğa, üzük və digər bahalı zinət əşyalarının hazırlanmasında istifadə edilir.
Ha Lonq körfəzi Vyetnamın şimalında yerləşir və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. Körfəzdə mirvari yetişdirilməsi həm zərgərlik sənayesinin, həm də turizm fəaliyyətinin bir hissəsini təşkil edir.