Fransada dəmir yolu işçilərinin tətili səbəbindən Avropada sürətli qatar xidmətləri göstərən “Eurostar” şirkətinin Paris-London marşrutu üzrə bəzi reysləri ləğv edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Eurostar” şirkəti rəsmi internet səhifəsində yaydığı açıqlamada gözlənilməz tətil səbəbindən London-Paris marşrutu üzrə qatar səfərlərinin ləğv edildiyini və hərəkətdə ciddi fasilələrin yarandığını bildirib.
Açıqlamada şirkətin bugünkü tətil barədə gecə saatlarında məlumatlandırıldığı qeyd olunub. Bildirilib ki, səfərləri pozulan sərnişinlər biletlərinin pulunu geri ala və ya səfər tarixini dəyişə bilərlər.
Bundan əlavə, səhər saatlarında həyata keçirilməsi nəzərdə tutulan ən azı 5 qatar reysinin ləğv edildiyi, Brüsseldə də qatarların hərəkətində gecikmələrin yarandığı açıqlanıb.
Fransada dəmir yolu işçiləri əməkhaqlarının artırılması tələbi ilə tətilə başlayıblar. Buna səbəb şirkətlə keçirilən illik danışıqlar zamanı işçilərin gözləntilərinin qarşılanmamasıdır.