Rusiya ordusu Kiyevə girsə, müharibənin taleyi həll olunacaqmı?
Manşet.az xəbər verir ki, politoloqların böyük əksəriyyəti rus ordusunun Kiyevdə olması halında belə bunun Ukraynanın ələ keçirilməsi anlamına gəlmədiyini iddia edir.
Ekspert Natiq Cəfərlinin fikrincə, Ukraynanı klassik anlamda işğal etmək mümkün deyil. Hətta İkinci Dünya müharibəsi zamanı da faşistlər Ukraynanı tam işğal edə bilməmişdilər, elə bölgələr var idi ki, oralara gəlib çıxmamışdılar:
"İkinci Dünya müharibəsindən sonra qəddar Stalin, NKVD belə Qərbi Ukraynaya 1950-ci illərin ortalarına qədər tam nəzarət edə bilmirdi.
İndi isə Ukraynanın tam nəzarətə götürülməsi heç mümkün deyil - ən "rusdilli" bölgələrdə belə Rusiya ordusunu əliyalın insanlar nifrətlə qarşılayıb etiraz edir.
Ruslar Kiyevi alsalar belə, bu da müharibənin uduzulması, sonu demək deyil - bu müharibəyə hələ Qərbi Ukrayna tam qatılmayıb. Yəni Rusiya qarşısına qoyduğu maksimum məqsədlərə heç vaxt çata bilməyəcək”.
Ekspertin fikrincə, Ukrayna da klassik anlamda heç vaxt qalib gələ bilməyəcək:
"Deməli qarşılıqlı güzəştlər üçün zəmin tapılması vacib, həyati əhəmiyyət kəsb edir”.