Reper Pərviz İsaqov (Promete) küləyin yaratdığı fəsad nəticəsində ayağını itirmiş anasının başına gələn hadisə ilə bağlı dövlət qurumlarına müraciət edib.
Manşet.az xəbər verir ki, noyabrın 10-u Yasamal rayonu, Mirəli Seyidov küçəsində sənətçinin ailə üzvü bədbəxt hadisənin qurbanı olub. Belə ki, güclü külək səbəbindən Prometenin anasının üzərinə ağac aşıb və o, xəstəxanaya yerləşdirilib. Nəticədə ayağının topuq hissəsindən amputasiya olunub.
Reper yaranmış vəziyyətdən narazılığını ifadə edib:
"Hazırda anam yaxşıdır. Ev şəraitində həkim nəzarətindədir. Lakin hadisədən sonra bu məsələ ilə bağlı hər hansı məsul qurum bizimlə əlaqə saxlamayıb və anamın vəziyyəti ilə maraqlanmayıb. Ağac aşdıqdan sonra hansısa qurum həmin ağacın qalıqlarını kökündən kəsib aparıb. Dəfələrlə Yasamal rayon sakinləri həmin ağacla bağlı aidiyyatı qurumlara müraciət ediblər. Heç bir addım atılmayıb".
Promete hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna və Baş Prokurorluğa müraciət edib.