Ağdam və Füzuli rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən tam söndürülüb.
Manset.az xəbər verir ki, bununla bağlı FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Hazırda Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Qeyd edək ki, yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzinin qüvvələri və Aviasiya dəstəsindən helikopterləri iştirak edir.
***
13:50
Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Bu barədə Manset.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.
"Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir", - məlumatda qeyd olunub.