Vensin Bakı səfərində “907-ci düzəliş” ləğv oluna bilərmi?
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin səfəri hazırda təkcə Azərbaycan və Ermənistanın siyasi diskursunda deyil, eyni zamanda bütün region ölkələrində də ciddi müzakirə edilməkdədir. Çünki hər kəs yaxşı dərk edir ki, ilk dəfə Ağ Evin bu cür yüksək ranqlı diplomatının səfəri indiki qeyri-sabit dövrünü yaşayan bölgədə dərin geosiyasi izlər buraxa bilər. Odur ki, səfər təkcə Bakı–Vaşinqton münasibətlərinə deyil, həm də Güney Qafqazdakı təhlükəsizlik arxitekturasına da əhəmiyyətli təsir göstərmək gücündədir. Öncə ondan başlayaq ki, Vensin səfərini heç şübhəszi ki, Vaşinqtonun regiona siyasi önəminin daha bir siqnalı, Azərbaycan və Ermənistanla 2025-ci ilin avqustundakı yüksək səviyyəli Vaşinqton təmaslarının ardı və Ağ Ev səviyyəsində dialoqun yeni bir raundu da hesab etmək olar. İndiyə kimi bölgəyə okeanın o tayından çox emissarlar gəlib, amma onların heç biri ikitərəfli münasibətləri indiki kimi daha praktik əməkdaşlığa çevirmək üçün zəmin yarada bilməyib.
Öncə qeyd edək ki, heç şübhəszi iki ölkə arasında münasibətlər özünün böhran dövründən çıxmasında ciddi impulslar alacaq. Xatırladaq ki, son illər (hazırkı prezident Donald Trampa qədər) ABŞ–Azərbaycan münasibətləri daha çox böhranlara reaksiya formatında idi. Amma Vensin səfəri təmasları strateji maraqları əks etdirən yeni gündəm üzərinə qaytara bilər. ABŞ Cənubi Qafqazda yenə də passiv vasitəçi kimi qalacaq, yoxsa aktiv geosiyasi oyunçu olacaq? Hər kəs üçün indiyə kimi əsas sual bu idi: amma “dünyanın bir nömrəli ofisi” hazırkı səfərlə bölgəyə olan dəqiqləşmiş, yeni praqmatik yanaşmasını ortaya qoymuş oldu. Həm də bununla Azərbaycan prezidentinin regionda yaratdığı yeni post-münaqişə reallığını fakt kimi bir daha təsdiqlədi. Çünki Vensin özü ilə Azərbaycanın Ermənistanla sülh prosesində indiyə kimi İrəvana diqtə etdiyi sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması, prosesə üçüncü tərəflərin destruktiv rolunun azaldılması və s. kimi tələblərinə Ağ Evin siyasi dəstəyini də gətirdiyi artıq heç kəsdə şübhə doğurmur. Eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əvəzsiz rolu ABŞ tərəfindən növbəti dəfə etiraf edilir, Orta Dəhliz, Zəngəzur istiqaməti və Xəzər hövzəsi üzrə ABŞ kapitalının daha da fəal iştirakı sanki anons olunur. Bu səfər həm də ABŞ–Azərbaycan münasibətlərinin yenidən “yükləməsi” (“reset”) və hazırkı reallıqlara uyğun formatlanması, həmçinin də başabəla Bayden administrasiyası dövründə yaranmış etimadsızlığın aradan qaldırılmasında da nadir tariixi fürsət olacaq. Eləcə də xüsusilə İrəvana Cənubi Qafqazda Rusiya mərkəzli təhlükəsizlik modelinin heç də yeganə və alternativsiz olmadığını göstərəcək. Çünki ABŞ-ın bölgəyə gəlişi bu məkandakı ölkələr üçün çoxtərəfli təhlükəsizlik mexanizmləri, iqtisadi inteqrasiya üzərindən sabitlik modelləri formalaşdıra bilər.
Bəs “kal armuda bənzər” “907-ci düzəliş” necə olacaq?
Bu məsələdə
siyasi təhlilçilər hesab edir ki, hələ 1992-ci ildə ABŞ Konqresi tərəfindən
"Azadlığı müdafiə aktı"a əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa
dövlət yardımına qadağa qoyan 907-ci düzəlişin bu səfər zamanı aradan
qaldırılacağı sırf prosedur baxımından real sayılmasa da hazırda iki ölkə
arasında “boğazda qalan kal armud” effektinə çevrilmiş sözügedən maddənin
tamamilə ləğvində ciddi addımların atılacağı istisna edilmir. Məsələn bununla
bağlı uzunmüddətli siyasi yol xəritəsi və
ya ABŞ qanunvericiliyinə uyğun mərhələli plan hazırlana bilər. Nəyə görə
uzunmüddətli yol xəritəsi? Ona görə ki, 907-ci
düzəlişin taleyi sadə dillə desək təkcə icra orqanlarından yox, daha çox
Konqresdən asılıdır, Konqresdə isə erməni lobbisinin təsiri hələ də kifayət qədərdir, eləcə də Konqersə “aralıq seçkilər” kimi adlandırılan
növbəti seçkilərin keçirilməsi də nəzərdə tutulur ki, bu cür seçkilər də ABŞ xarici siyasətində mühüm qərarları adətən ləngidir.
Qısası 907-ci düzəliş dərhal tarixə qovuşmaya bilər, amma onun siyasi
legitimliyinin ciddi şəkildə zəifləməsi tamamilə mümkün görünür.
Səfərin bölgə üçün siyasi riskləri
Trampın siyasi baxışlarında Azərbaycanın əhəmiyyəti

ABŞ-nin vitse-prezidenti Vensin səfərinə regional güclərin diqqətsiz qalmayacağı da şübhə doğurmur. ABŞ fəallığı təbii ki, Rusiyanın bölgədəki siyasi-hərbi, iqtisadi və diplomatik dominatlığını sarsıtmaqla yeni güc balansı formalaşdırır. Odur ki, Moskvanın bölgədə siyasi-təhlükəsizlik təzyiqləri yenidən güclənə bilər. İranın da regiondakı aktivliyi müşahidə olunması mümkün görünür. Rusiya ilə Ukrayna arasında üzücü müharibə davam edir, İran ətrafında da suların yaxın zamanlarda durulacağı proqnozlaşdırılmır. Bax elə bu kontekstdə də ABŞ vitse-prezidentinin səfəri protokol xarakterli bir jestdən daha çox, Vaşinqtonun artan regional qeyri-müəyyənlik şəraitində Cənubi Qafqazda sabitliyi qorumaq və təsirini saxlamaq strategiyasının bir elementi kimi özünü göstərir. ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, məşhur analitik Pol Qobl həmyerlisinin Güney Qafqaz səfəri barədə təhlillərində qeyd edir ki, “Həm Azərbaycanın, həm də Ermənistanın ABŞ üçün əhəmiyyəti getdikcə daha da artır — təkcə ona görə yox ki, hər iki ölkə Moskvadan uzaqlaşaraq TRIPP-i (Zənqəzur dəhlizini) dəstəkləyir, həm də ona görə ki, İran ətrafında artan gərginlik, şübhəsiz ki, Cənubi Qafqaza da sirayət edəcək. Bu baxımdan, Vensin səfəri hansısa protokol xarakterindən çox, sabitləşdirici mahiyyət daşıyır. Pol Qoblun sözlərinə görə, vitse-prezident Bakıya və İrəvana ABŞ-ın dəstəyinə dair hər iki tərəfdə əminliyi artırmaq və onların seçdiyi geosiyasi istiqamətin düzgünlüyünə bir daha inamı gücləndirmək üçün gəlir. Bu elə bir məqamdır ki, regionun cənubunda baş verən qeyri-sabitlik şimalda təhlükəsizliklə bağlı hesablamalara sürətlə təsir göstərə bilər. Cənab Qoblun fikirlərini daha da inkişaf etdirib tam əminliklə deyə bilərik ki, bölgənin lider dövləti Azərbaycan hazırkı Ağ Ev sahibinin Qafqaz siyasətində coğrafi baxımdan özü kiçik olsa da strateji mənada çox böyük rol oynayır. Bunun da bir neçə sadə və məlum səbəbləri var. Birincisi enerji və iqtisadi praqmatizmlə bağlıdır. Trampın xarici siyasət üslubu hansısa mistik fəlsəfə və mücərrəd ideologiyalardan daha çox, ikitərəfli konkret maraqlara və qarşı tərəfin siyasi iradəyə malik olmasına söykənir. Bu mənada Azərbaycan Rusiya asılılığını azaltmaq baxımından Avropanın enerji təhlükəsizliyində etibarlı alternativ mənbə və heç bir təzyiqə boyun əyməyən həm də siyasi iradəyə malik ölkədir. ABŞ şirkətləri üçün enerji, logistika və infrastruktur sahələrində real və ciddi tərəfdaşdır. Trampın “kim daha faydalı və etibarlıdırsa onunla işləyək” yanaşması üçün Azərbaycan regionda çox əlverişli oyunçudur. Tramp Rusiya ilə münasibətlərdə klassik “soyuq müharibə” tərəfdarı deyil, daha çox dialoq, anlaşma xətti nümayiş etdirir. Azərbaycan prezidenti İlham Əliyev də Rusiya ilə açıq qarşıdurmaya getmədən, çox ustalıqla müstəqil siyasət yürütməyi bacaran çox nadir liderlərdəndir. Bu, da “Rusiyanın təsir zonasında uğurla manevr etməyi bacaran, risksiz ölkə” modeli kimi Azərbaycanı ABŞ üçün cəlbedici edir.

İkinci Qarabağ savaşından sonra Azərbaycan regionda status-kvonu dəyişən
ölkə kimi yeni nəqliyyat və ticarət yollarının
açılmasında açar rolu oynayır. Prezident İlham Əliyevin bir zamanlar münaqişələr
beşiyi olan Qafqazı “problemli zona”dan “iqtisadi dəhlizlər”, “qlobal əməkdaşlıq” meydanına çevirməsi ABŞ -də
böyük maraq yaradır. Bu mənada Azərbaycanın
Ermənistanı da Rusiyanın çoxəsrlik qoltuq altından uğurla çıxarma cəhdləri Tramp kimi praqmatik bir siyasətçidə Qafqazın
gələcəyinə real ümidlər yaradır. Bütün bunları yekunlaşdıraraq deyə bilərik
ki, prezident Trampın yüksək səviyyəli xüsusi elçisinin
Qafqaz səfəri BŞ-ın regiona baxışında yeni mərhələ
və “sabitlik üçün Azərbaycan” konsepsiyasının möhkəmlənməsinə xidmət edəcək.
Qafqaz Cənublu