Xəbər verdiyimiz kimi, Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş vermiş yanğın faciə ilə nəticələnib.
Manset.az xəbər verir ki, hadisə ilə bağlı Masallı rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerində olmuş və vəziyyətlə yerində tanış olmuşlar.
Belə ki, hadisə nəticəsində 75 kv.metr və ona bitişik olan 50 kv.metr olmaqla ümumilikdə 125 kv.metr sahədə fərdi yaşayış evi tamamilə yanıb, evdə olan iki nəfər - baba və nəvə yanaraq həyatını itirib.
Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hazırda baş vermiş yanğının səbəbləri və digər təfərrüatlar araşdırılır.
***
Masallıda fərdi yaşayış evində yanğın baş verib.
Manset.az Unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Belə ki, 200 kvadratmetrlik evdə qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Hadisənin baş verdiyi ev Seyid Mirhəsən Ağa (1868-İsfahan -1955- Qızılağac) ocağı kimi də tanınır.
Bildirilib ki, hadisə vaxtı Seyid Mirhəsən Ağanın nəvəsi 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu evin yandığını görüb və 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunu xilas etmək üçün yanan mənzilə daxil olub. Bu zaman alov daha da şiddətlənib və taxta konstruksiyaları tamamilə əhatəyə alıb. Nəticədə nəvə və onu xilas etmək üçün evə girən babası yanaraq vəfat ediblər.