Lənkəranda ağaclar elektrik xətlərinin üstünə aşıb.
Manset.az xəbər verir ki, ölkə ərazisində hava şəraitinin dəyişməsi, küləklə müşayiət olunan yağış Lənkəranda da bir sıra fəsadlar törədib. Güclü külək əsasən rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Belə ki, yağış və ildırımla müşayiət olunan güclü külək, şəhərin əksər küçələrində, eləcə də kəndlərdə iri gövdəli ağacları aşırıb. Aşan ağacların əksəriyyəti elektrik naqillərinin üstünə düşüb və xəttləri qırıb. Şəhidlər Xiyabanı küçəsində iri gövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üstünə aşıb. Nəticədə qaz borusu və sayğac sıradan çıxıb. Şəhərin Kiçik Bazar deyilən ərazisində isə ağac, hərəkətdə olan, Ehtiram Fərəcova məxsus "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsinin üstünə aşıb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Aidiyyəti qurumların nümayəndələri ərazilərdə olub. Problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görüblər. Bəzi küçələrdə ağaclar xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib.
Hazırda fasilələr yarandığı ərazilərdə elektrik enerjisinin tam verilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Lənkəranda küləkli hava və yağış səngiyib.