Türkiyə Superliqasının qalibi olan "Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi çempionluq sevinci ilə bağlı açıqlama verib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, klubun "Kayserispor" üzərində qazandığı qələbədən sonra jurnalistlərin suallarını cavablandıran ulduz futbolçu komandanın uğurunu birlik və komanda ruhu ilə əlaqələndirib:
“Çox xoşbəxtik. Bu komanda ilə 5-ci ulduzu qazandığımız üçün qürurluyam. Türkiyəyə gələndə məqsədimizin hər şeyi qazanmaq olduğunu demişdik. İkinci hissədə oyunda yox idim, amma komanda əla performans göstərdi. Mövsüm ərzində çox yaxşı transferlər edildi və nəticədə həm Superliqanın, həm də kubokun qalibi olduq”.
İkardi “Qalatasaray”ın böyüklüyünə də diqqət çəkib:
“Artıq ardıcıl 3-cü dəfə çempion olduq və bu, əsl komanda işinin nəticəsidir. İndi bu uğurun dadını çıxarmaq vaxtıdır. Daha sonra diqqətimizi növbəti mövsümə yönəldəcəyik”.