Azərbaycan Minifutbol Federasiyasının baş katibi Taleh Nəsibov Bakıda keçiriləcək dünya çempionatından danışıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, yarışa hazırlıq barədə danışıb:
“Azərbaycan bu cür böyük tədbirlərə öyrəşib. Biz də bu turniri yüksək səviyyədə keçirmək istəyirik. Çətinliklər hər zaman olur. Amma bunları arxada qoyub yaxşı hazırlaşmışıq. Hələ ki, bunun öhdəsindən gələ bilirik”.
Federasiya rəsmisi bu gün baş tutacaq “Legend Cup”dan (Əfsanələrin oyunu) danışıb:
“Bunu ənənə halına salmaq istəyirik. Hər il mayda bu cür oyun keçirə bilərik. Yəqin ki, bu davamlı olacaq. Bu bizim üçün də xoşdur. Bizim veteranlarımızdır və onların oyununa təşkilatçılıq etmək yaxşı haldır”. T.Nəsibov dünya çempionatının Azərbaycanda təşkil olunması ilə bağlı müraciət barədə danışıb:
“Biz Avropa çempionu olandan sonra Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında belə fikir yarandı. Bu təklifi irəli sürdük və sənədləri topladıq. Daha sonra növbəti iclasda buna qərar verildi”.
Federasiya rəsmisi Azərbaycan yığmasının turnirdəki hədəfindən danışıb:
“Yığmamızın hazırlığı üçün bütün şərait yaradılıb. Qarşımıza qoyulan hər şeyi təşkil etmişik. Təlim-məşq toplanışı və digər lazım olan şeylər təmin edilib. Ev sahibi olanda məsuliyyət olur. Millimiz həm psixoloji, heyət olaraq tam hazırdır. Neçə aydır ki, birlikdədirlər, toplanışdadırlar. Ümid edirəm ki, yaxşı olar. İstəyərdik ki, kuboku Bakıda saxlayaq. Amma əsas məqsədimiz dünya çempionatında 3 yerdən birini tutmaqdır”.
T. Nəsibov Azərbaycan yığmasına medal qazanacağı halda mükafat veriləcəyini də açıqlayıb:
“Mükafatın məbləğin açıqlamaq istəməzdim, amma mükafat təyin edilib. Federasiya rəhbərliyi bu barədə komandanın baş məşqçisinə məlumat verib”.