Napolidən Osimhenlə bağlı açıqlama: Fənərbaxçadan təklif gəlib?

16:28 - 21 May 2025

Napolidən Osimhenlə bağlı açıqlama: Fənərbaxçadan təklif gəlib?

Türkiyə Super Liqasında möhtəşəm çıxışı ilə yadda qalan Viktor Osimhenin gələcək taleyi ilə bağlı mühüm yeniliklər yaşanır.


Manset.az türk mediasına istinadən xəbər verir ki, "Qalatasaray" azarkeşlərinin yeni mövsümdə heyətdə görmək istədiyi nigeriyalı forvardın transferi istiqamətində vacib addımlar atılıb.

İtaliya mətbuatının yaydığı məlumata görə, "Napoli" klubunun rəhbər şəxslərindən biri ilə Osimhenin transferi barədə danışıqlar aparılıb. Adının açıqlanmasını istəməyən klub rəsmisi bildirib ki, nigeriyalı hücumçunun müqaviləsində 75 milyon avroluq sərbəst qalma maddəsi var.

“Osimhen Türkiyədə əla mövsüm keçirdi və vurduğu qollarla liqada iz qoydu. Hazırda 7-8 klub, o cümlədən 'Qalatasaray' oyunçunun transferi ilə maraqlanır. Səudiyyə Ərəbistanından da təkliflər var. Amma burada əsas məsələ Osimhenin qərarıdır”, – deyə italiyalı funksioner bildirib.

"Napoli" rəsmisi "Fənərbaxça"nın futbolçuya marağı barədə suala isə belə cavab verib: “Bu mövzu ilə bağlı konkret təşəbbüs olmayıb. Bəzi agentlər vasitəsilə maraq göstərmək istəyiblər, lakin indiyədək rəsmi təklif almamışıq”.

Xatırladaq ki, bir müddət əvvəl "Yuventus" klubunun Osimhen üçün 85 milyon avroluq təklif irəli sürdüyü iddia edilmişdi. Lakin "Napoli" rəhbərliyi hücumçunu yalnız 100 milyon avroya yaxın məbləğ qarşılığında komandadan göndərmək niyyətindədir.

Məsələ ilə bağlı "Galatasaray Sportif A.Ş." meneceri Abdullah Kavukçu da fikirlərini bildirib. O, "Fənərbaxça"nın Osimhenlə maraqlanması barədə yayılan xəbərlərə münasibət bildirərək deyib:

“Fənərbaxçanın transferlərini izləməmişik. Adətən biz hansı oyunçunu istəsək, onlar da maraqlanırlar. Biz təklif edirik, sonra onlar hərəkətə keçir. Skriniar məsələsi buna misaldır. Kimsə səndən 3 milyon çox verib oyunçunu alırsa, bu uğur demək deyil. Osimhen isə fərqli xarakterə malik futbolçudur. Onun Fənərbaxçanı seçəcəyinə inanmıram”.

Qeyd edək ki, Viktor Osimhen geridə qalan mövsümdə "Qalatasaray" forması ilə 36 qol vuraraq həm Super Liqanın bombardiri olub, həm də klub tarixində bir mövsümdə ən çox qol vuran legioner kimi tarixə düşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv