Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun "Əl Nəsr" klubu ilə olan müqaviləsi 30 iyun 2025-ci ildə başa çatır. Səudiyyə Ərəbistanı təmsilçisi 39 yaşlı futbolçu ilə əməkdaşlığı davam etdirmək niyyətindədir və bu məqsədlə ona illik 243 milyon avro dəyərində yeni müqavilə təklif edib.
Manset..az xarici mediaya istinadən xəbər verir ki, klub rəhbərliyinin əsas məqsədi Ronaldonu dünyanın ən çox qazanan idmançısına çevirməkdir.
Bununla belə, İspaniya mətbuatında yayılan məlumatlara görə, Ronaldo karyerasını Avropada davam etdirməyi nəzərdən keçirir. Bildirilir ki, Almaniyanın "Bayer Leverkuzen" klubu Çempionlar Liqasında daha rəqabətədavamlı komanda qurmaq məqsədilə təcrübəli hücumçunun transferində maraqlıdır.
Portuqaliyalı ulduzun adı həmçinin Fransa təmsilçisi "Paris Saint-Germain" klubu ilə də hallanır. İddialara görə, PSJ Ronaldonu Lionel Messidən sonra heyətinə qatmaq istəyir.
Digər tərəfdən, Ronaldonun 2025-ci ildə ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında iştirak edəcək Braziliya klublarından təklif aldığı da bildirilir. Onunla “Palmeyras”, “Flamenqo”, “Fluminense” və “Botafoqo” kimi klubların maraqlandığı vurğulanır.
Türkiyə mətbuatında isə “Beşiktaş”ın Ronaldonu transfer etmək istədiyi ilə bağlı xəbərlər yayılıb. Lakin bu barədə nə klubdan, nə də futbolçunun nümayəndələrindən rəsmi açıqlama verilməyib.