Türkiyənin nəhəng klubu "Galatasaray"da heyətlə bağlı mühüm qərar gözlənilir.
Manset.az xəbər verir ki, "Cim-Bom"un gələcək planlarında Victor Osimhenin komandada qalıb-qalmayacağı əsas mövzulardan birinə çevrilib.
Nigeriyalı hücumçunun İstanbul təmsilçisində qalması halında, Mauro İkardi və Alvaro Morata ilə yolların ayrılması ehtimalı var.
Klub rəhbərliyi Osimhen, İkardi və Morata üçlüsünün eyni vaxtda komandada yer almasını "lüks" hesab edir. Bu səbəbdən də seçim qarşısında qalan rəhbərlik heyəti ilk olaraq Mauro İkardinin durumunu dəyərləndirəcək.
Ağır zədədən çıxan argentinalı ulduzun fiziki durumu və meydandakı performansı gələcək qərarlarda həlledici olacaq. Hazırda illik 10 milyon avro maaş alan İkardi, əgər komandada qalmağa davam edərsə, bu məbləğ klub büdcəsinə ciddi təsir edəcək.
Xatırladaq ki, "Galatasaray" qış transfer pəncərəsində Alvaro Moratanı "Milan"dan satın alma şərti ilə icarəyə götürüb. İspan hücumçu növbəti mövsüm komandada qaldığı halda, 6 milyon avro qazanacaq.
Nigeriyalı Osimhenin maaşının isə 15 milyon avroya yaxın olacağı gözlənilir. Bu üç futbolçunun birlikdə komandada yer alması isə "sarı-qırmızılılar" üçün maliyyə baxımından ciddi yükə çevrilə bilər.