Türkiyənin nəhəng klublarından olan "Fənərbaxça" yay transfer pəncərəsini erkən açıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, komandanın yeni baş məşqçisi Joze Mourinyonun istəyinə uyğun olaraq rəhbərlik dünya ulduzlarını heyətə cəlb etməyə qərarlıdır.
Sentyabrda keçiriləcək konqres öncəsi prezident Əli Koç iddialı transferlərlə güclü komanda qurmaq niyyətindədir.
Klubun əsas hədəfləri sırasında “Mançester Siti”nin ulduz futbolçuları Cek Qrealiş və Ceremi Doku yer alır.
İngiltərə millisinin və “Mançester Siti”nin təcrübəli yarımmüdafiəçisi Cek Qrealiş "Fənərbaxça"nın transfer siyahısında ön sırada qərarlaşıb. 29 yaşlı futbolçu bu mövsüm əvvəlkilərlə müqayisədə daha aşağı səviyyədə çıxış edib. O, 4 fərqli turnirdə 32 oyuna çıxaraq 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Mançester Siti”də uzun müddətdir çıxış edən və bir çox titullar qazanan Qrealiş klubun yeni struktur dəyişiklikləri fonunda satıla biləcək oyunçular siyahısına daxil edilib.
Qrealiş peşəkar karyerası ərzində 452 matçda forma geyinib. Bu görüşlərin 216-da sol cinahda, 133-də isə “10 nömrə” mövqeyində çıxış edib və hücumun müxtəlif xəttlərində effektiv oyun sərgiləyib.
"Fənərbaxça"nın digər transfer hədəfi isə 22 yaşlı belçikalı cinah oyunçusu Ceremi Dokudur. Bu mövsüm Pep Qvardiolanın rəhbərliyi altında 38 oyunda 6 qol və 9 məhsuldar ötürmə ilə çıxış edən Doku ümumilikdə 15 qola birbaşa töhfə verib. Onun “Siti” ilə 2028-ci ilə qədər müqaviləsi mövcuddur.