Səudiyyə Ərəbistanı Pro Liqasında 2023/2024 mövsümünə yekun vurulub.
Manset.az-ın əldə etdiyi məlumata görə, mövsümün 34-cü – son turunda "Əl Nəsr" səfərdə "Əl Fateh"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Əl Nəsr"in heyətində qolları 42-ci dəqiqədə Kriştiano Ronaldo, 75-ci dəqiqədə isə Sadio Mane vurub. "Əl Fateh"in qollarına isə 45-ci dəqiqədə Matias Varqas, 81-ci dəqiqədə Murad Batna və əlavə olunmuş vaxtda – 90+6-cı dəqiqədə Matheus Maçado imza atıb.
Bu nəticədən sonra "Əl Nəsr" mövsümü 70 xalla 3-cü pillədə başa vurub. "Əl Fateh" isə 39 xalla 10-cu yerdə qərarlaşıb.
Matçdan sonra portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo şəxsi "Instagram" hesabında paylaşım edərək mövsümlə vidalaşıb. 40 yaşlı hücumçu paylaşımında bu sözləri yazıb:
"Bu fəsil bitdi. Hekayə? Hələ də yazılır. Hər kəsə minnətdaram."
Ulduz futbolçunun bu paylaşımı sosial mediada onun "Əl Nəsr"dən ayrılacağı barədə iddiaları yenidən gündəmə gətirib. Qeyd edək ki, Ronaldonun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayında başa çatır.
Xatırladaq ki, Ronaldo ötən həftə ev oyununda da azarkeşlərlə emosional şəkildə vidalaşıb.