Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Qalatasaray”ın heyətində çıxış edən nigeriyalı hücumçu Viktor Osimhenlə 3 illik müqavilə imzalayıb.
Manset.az xəbər verir ki, bu barədə “Əl-Riyad” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, tərəflər bütün şərtləri razılaşdırıb və transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. İddialara görə, Osimhen “Əl-Hilal”dan illik təxminən 30 milyon avro məvacib alacaq.
Qeyd edək ki, ulduz futbolçunun Səudiyyə klubundakı debüt matçını İspaniyanın “Real Madrid” komandasına qarşı keçirəcəyi bildirilir.
Bu mövsüm “Qalatasaray”ın heyətində yüksək performans göstərən Viktor Osimhen bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, Superliqada mövsümün bombardiri olub.