İcarə müddəti başa çatdıqdan sonra "Napoli"yə qayıdan Viktor Osimhenin gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir. Yay transfer dönəminin ən çox diqqət çəkən futbolçularından biri olan nigeriyalı hücumçu hələ qərar verməyib.
Manset.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan gələn sərfəli təklifləri rədd edən Osimhenin adı bir neçə Avropa klubu ilə yanaşı "Qalatasaray"la da hallanır.
İtaliya mətbuatının yaydığı məlumata görə, "Yuventus" və bir neçə Premyer Liqa təmsilçisi də 26 yaşlı forvardın transferində maraqlıdır.
Türkiyə təmsilçisi "Qalatasaray" isə futbolçunun transferi üçün təzyiqi artırıb. "The Athletic" nəşri xəbər verir ki, İstanbul klubu Osimheni komandaya cəlb etmək baxımından nikbindir. Xəbərdə qeyd olunur ki, nigeriyalı forvardın "Napoli" ilə mövcud müqaviləsinin bəzi detalları "Qalatasaray" rəhbərliyində ümid yaradıb.
Qeyd edək ki, Osimhen ötən mövsüm İtaliya A Seriyasında və Çempionlar Liqasında önəmli çıxışları ilə diqqət çəkib və hazırda transfer bazarının ən dəyərli hücumçularından biri hesab olunur.