"Milan"ın yeni baş məşqçisi Massimiliano Alleqri Luka Modriçin avqust ayında komandaya qoşulacağını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib. 57 yaşlı çalışdırıcı xorvatiyalı ulduz futbolçunu "qeyri-adi oyunçu" kimi xarakterizə edib.
"Modriç avqustda komandamıza qoşulacaq. Onun təcrübəsi və liderlik keyfiyyətləri bizə çox fayda verəcək", – deyə Alleqri vurğulayıb.
Baş məşqçi Milanın yarımmüdafiə xəttinin güclü olduğunu da qeyd edib:
"Samuele Ricci, Ruben Loftus-Cheek, Youssouf Fofana, Warren Bondo, Yunus Musah kimi oyunçularla birgə üçlü yarımmüdafiə sistemi ilə oynayacağıq. Seçimlər fərdi xüsusiyyətlərə əsaslanacaq."
Qeyd edək ki, Luka Modriç 2012-ci ildə İngiltərənin "Tottenhem" klubundan "Real Madrid"ə transfer olunmuşdu. O, Madrid təmsilçisinin heyətində 6 dəfə UEFA Çempionlar Liqasının qalibi, 5 dəfə FİFA Klublararası Dünya Çempionatının, 4 dəfə isə La Liqa çempionluğunun sahibi olub.