Türkiyə ilə Azərbaycan arasında münasibətlərdəki məlum gərginlikdən sonra artıq neçə gündür ki, iki ölkədə bir məsələ gündəmdədir: Türkiyə prezidenti Ərdoğanın Azərbaycanın dövlət başçısına telefon açması və bütün narahatlıqların arxada qalması. Prezidentlər səviyyəsində baş tutan səmimi təmaslar bir daha göstərdi ki, iki qardaş ölkə arasında əlaqələr nə qədər möhkəm təməllərə söykənir, amma bir məqam da unudulmamalıdır, münasibətlər nə qədər dərin olsa da onun qorunması daimi siyasi həssaslıq və qarşılıqlı anlayış da tələb edir. Bu barədə bir qədər sonra.
Öncə onu xatırladaq ki, iki prezident arasında sözügedən telefon danışığı sadəcə diplomatik protokol hadisəsi kimi qiymətləndirilməməlidir. Çünki söhbət son dövrlərdə iki ölkə arasında münasibətlər ətrafında yaranmış sualların, qarşılıqlı narahatlıqların və emosional müzakirələrin fonunda baş verən təmasdan gedir. Təbii ki, prezidentlərin danışığından sonra münasibətlərin əvvəlki məcraya qayıtdığı və bütün xoşagəlməz proseslərin artıq arxada qaldığı düşünülür. Bu yanaşmanın müəyyən əsasları da var. Türkiyə ilə Azərbaycan arasında əlaqələr ayrı-ayrı siyasi müzakirələrdən, sosial şəbəkələrdəki subyektiv reaksiyalardan və müəyyən dairələrin pafoslu ritorikasından daha geniş məzmuna malikdir. Lakin arxada qalsa da bu gərginlik gələcək üçün bir sıra mətləbləri də ortaya çıxarmış oldu.

Baş verənlərin ilk mühüm nəticəsi Azərbaycanın dövlət suverenliyi məsələsində
mövqeyinin bir daha aydın ortaya çıxması oldu. Azərbaycan Türkiyə ilə münasibətlərini
qardaşlıq və strateji müttəfiqlik prinsipləri üzərində qurur. Ancaq qardaşlıq
anlayışı dövlətlərin müstəqil qərarvermə hüququnun arxa plana keçməsi demək
deyil. Əksinə, həqiqi tərəfdaşlıq qarşılıqlı hörmətə, bərabərliyə və hər bir
ölkənin öz daxili məsələləri ilə bağlı qərarlarını sərbəst qəbul etmək hüququna
əsaslanmalıdır.
Bu
baxımdan Azərbaycanın mövqeyi aydındır: Türkiyə ilə qardaşlıq münasibətləri nə
qədər dərin olsa da, Azərbaycan öz dövlətçilik maraqlarını, qanunlarını və
daxili siyasi gündəmini müstəqil şəkildə özü müəyyənləşdirir. Bakı üçün
qardaşlıq qarşılıqlı hörmət deməkdir, birtərəfli təsir imkanının tanınması
deyil. Bu prinsip yalnız Türkiyəyə münasibətdə deyil, Azərbaycanın bütün tərəfdaşları
ilə əlaqələrində də keçərlidir. Eyni
zamanda, son hadisələr Türkiyə cəmiyyətində Azərbaycan həqiqətlərinin, obyektiv
reallığın geniş şəkildə çatdırılması vacibliyini də üzə çıxardı. İki ölkə
arasında münasibətlərin yüksək səviyyədə olması heç də o demək deyil ki, Türkiyənin
siyasi və ictimai mühitində Azərbaycanla bağlı bütün məsələlər obyektiv dərəcədə
düzgün qavranılır. Bəzən ayrı-ayrı şəxslərin təxribat xarakterli açıqlamaları,
sosial şəbəkələrdə yayılan iddialar və
emosional reaksiyalar faktların önünə keçir, əsassız əks - reaksiya yaradır.
Belə məqamlarda Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması,
ölkəmizin siyasi reallıqlarının izah olunması xüsusi əhəmiyyət daşımırmı?
Məsələnin digər tərəfi də var. Türkiyədə Azərbaycana münasibətdə sərt və ya ittihamedici mövqe sərgiləyən ayrı-ayrı şəxslərin olması bütün Türkiyə cəmiyyətinin, yaxud rəsmi Ankaranın Azərbaycana münasibətinin göstəricisi də sayıla bilməz. Bununla belə, Azərbaycan əleyhinə yönələn açıqlamalar və kampaniyalar qarşısında susqunluğun yaranması da münasibətlərin sağlamlığı baxımından suallar doğururdu. İki ölkənin ictimaiyyətləri bir-birini nə qədər yaxşı tanıyarsa, dezinformasiyanın və qarşılıqlı etimadı sarsıtmağa yönələn cəhdlərin təsir imkanları bir o qədər azalar. Barələrində Azərbaycanda cinayət işi açıldığı və arzuolunmaz şəxs elan edildikləri bildirilən Türkiyə vətəndaşları ilə bağlı məsələlər də bu kontekstdə diqqət çəkir.

Bir şəxsin Türkiyə vətəndaşı olması onun fəaliyyətinə hüquqi qiymət verilməsini istisna etmir. baki-ankara münasibətləri: qardaşlıq sınaqdan uğurla çıxdı, bəs açıq qalan suallar?Eyni zamanda, ayrı-ayrı şəxslərlə bağlı məsələlərin bütövlükdə iki xalqın münasibətlərinə şamil edilməsi də doğru olmaz. Əsas prinsip budur ki, siyasi və ictimai mövqelərindən asılı olmayaraq, hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Bununla yanaşı, Türkiyə siyasi mühitində Azərbaycanla münasibətlərin həssaslığını anlayan, iki ölkə arasındakı strateji əlaqələrin qorunmasını vacib sayan şəxslərin mövqeyi də diqqətdən kənarda qalmamalıdır. Dövlətçilik və siyasi təcrübələri ilə seçilən Devlet Bahçeli və Binali Yıldırım kimi siyasətçilərin gərginliyin ilk günlərindən Azərbaycan-Türkiyə münasibətlərinə doğru yanaşması bu baxımdan çox dəyərli və əhəmiyyətlidir. Gərginliyin ilk günlərindəcə, Ankarada çoxları gözləmə mövqeyi tutanda Binəli Yıldırım məsuliyyəti öz üzərinə götürdü, sanki digərilərinə bir mayak oldu. “MANŞET.AZ” -a müsahibəsində “Azərbaycanın daxili işlərinə qarışmaq kimin həddinə? ” – deyə sual etdi.

Türkiyənin ən nüfuzlu siyasətçilərindən birinin bu bəyanatı qardaş ölkədə Azərbaycana qarşı emosiyaların qızışdığı pik bir vaxta təsadüf edirdi. Hətta onu qınayanlar da tapıldı, amma o gerizəkalı kəsimin hücumlarından nəinki çəkinmədi, hətta Türkiyə prezidentinin baş danışmanı Oktay Saralın münasibətləri daha kəskinləşdirən bədnam bəyanatından sonra daha bir önəmli açıqlama verdi: “O, arkadaşın sözləri onun öz fikirləridir. Bu, Türkiyə dövlətinin və Prezidentitn mövqeyini ifadə etmir”. Əsil dövlət adamına, səmimi qardaşa yaraşan mövqe Azərbaycana qarşı hücumları sanki bir qədər səngitmiş oldu. Müsahibə zamanı ölkəmizin daxili işlərinə qarışanların cəzalanacağının da anonsunu verdi, Oktay Saralın artıq vəzifəsindən azad edilməsi bu prosesin də artıq başladığını göstərir.

Bu cür qardaşa yaraşan mövqelər iki ölkənin əlaqələrinin ayrı-ayrı mübahisələrdən daha böyük olduğunu ortaya qoymuş oldu. Bütün bunların fonunda kənar qüvvələrin iki ölkə arasında yaranan hər hansı narazılıqdan öz maraqları naminə istifadə etməyə çalışması ehtimalını da nəzərdən qaçırmaq olmaz. Azərbaycan və Türkiyə regionda mühüm siyasi, iqtisadi və təhlükəsizlik maraqlarını bölüşür, Türk Birliyi üçün ciddi addımlar atırlar. Bu əlaqələrin zəifləməsi müəyyən regional aktorların maraqlarına uyğun gələ bilər.
Əslində, Azərbaycan-Türkiyə münasibətlərinin tarixi göstərir ki, bu əlaqələr zaman-zaman müxtəlif sınaqlarla üzləşsə də, ortaq maraqlar, qarşılıqlı dəstək və siyasi dialoq bu qardaşlıq tellərini daim sığortalayıb. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlər yalnız emosional yaxınlıq, pafoslu şüarlar üzərində qurulmayıb. Bu münasibətlərin arxasında hərbi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, regional təhlükəsizlik maraqları, türk dünyasının inteqrasiyası və uzunmüddətli siyasi hədəflər dayanır. Məhz bu səbəbdən ayrı-ayrı mövsümi gərginliklər iki ölkənin əlaqələrinə zərər vura bilməz.

Prezidentlərin son telefon danışığı da bu siyasi iradənin qorunduğunu göstərən əlamət kimi qiymətləndirilə bilər. Lakin münasibətlərin əvvəlki məcrasına qayıtması və davam etməsi yalnız yüksək səviyyəli təmaslarla ölçülməməlidir. Əsas məsələ belə hallardan nəticə çıxarmaq, yanlış təsəvvürlərin qarşısını almaq, ictimai müstəvidə məsuliyyətli davranışı təşviq etmək və qarşılıqlı hörmət prinsipini gündəlik münasibətlərin ayrılmaz hissəsinə çevirməkdir. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri kənardan körüklənən hər hansı bir siyasi kampaniyanın, sosial şəbəkə mübahisəsinin və ya ayrı-ayrı ziddiyyətli şəxslərin açıqlamalarının fövqündə dayanmalıdır. Ancaq bu, mövcud problemləri görməzdən gəlmək anlamına da gəlməməlidir. Əksinə, həqiqi qardaşlıq problemləri gizlətmək deyil, onları açıq və qarşılıqlı hörmət əsasında müzakirə etmək bacarığıdır.

Qısası,
hesab edirik ki, son hadisələrdən çıxan əsas nəticə budur: Azərbaycan və Türkiyə
münasibətləri daha bir sınaqdan keçdi və dövlət başçıları səviyyəsində verilən
mesajlar əlaqələrin davamlılığına dair müsbət siqnal oldu. Bununla belə,
yaranmış gərginliyin ortaya çıxardığı suallar diqqətlə təhlil edilməli, Azərbaycan
həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində daha ardıcıl
iş aparılmalıdır. Çünki qardaşlıq yalnız ortaq tarixə və emosional bağlılığa
deyil, həm də bir-birinin dövlətçilik maraqlarını anlamağa, suverenliyinə hörmət
etməyə və fərqli məqamlarda belə dialoqu qorumağa söykənir. Qardaşlıq sınaqdan
çıxdısa, növbəti vəzifə həmin sınağın ortaya çıxardığı dərsləri unutmamaqdır.
QAFQAZ CƏNUBLU