"Napoli" klubu nigeriyalı hücumçu Viktor Osimhenin komandadan ayrılmasına hazırlıq görür. İtaliya təmsilçisi Osimheni əvəz edəcək oyunçu ilə artıq razılığa gəlib.
Manset.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumata görə, "Napoli" "Liverpul"un hücumçusu Darvin Nuneslə ilkin razılıq əldə edib. Uruqvaylı futbolçu ilə illik 6 milyon avro məvacib qarşılığında müqavilə imzalanacağı bildirilir.
Qeyd olunur ki, Neapol təmsilçisi Nunesin transferi üçün "Liverpul"a 50+5 milyon avro təklif edib. İngiltərə klubu isə hücumçunu 60 milyon avro qarşılığında buraxmaq niyyətindədir. Tərəflər arasında danışıqlar davam edir və razılaşmanın yaxın günlərdə yekunlaşacağı gözlənilir.
Bu arada, Viktor Osimhenin "Qalatasaray"a transferi ilə bağlı proseslər də davam edir. İstanbul təmsilçisi futbolçunun 75 milyon avro məbləğindəki sərbəstqalma maddəsini ödəməyə hazırdır. Ödəniş planı üzərində danışıqlar aparılır.
Xatırladaq ki, Darvin Nunes 2022/23 mövsümünün əvvəlində "Liverpul" tərəfindən "Benfika"dan 85 milyon avroya transfer edilmişdi. Premyer Liqadakı çıxışı gözləntiləri tam qarşılamayan hücumçu üçün "Napoli" yeni başlanğıc ola bilər.