Azərbaycan Milli Mətbuatının
150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri
keçirilib. "Avrora Qrup"un sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin
təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda
30-dan çox media orqanının əməkdaşı iştirak edib.
Manset.az xəbər verir ki, 2 gün davam edən
turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin
jurnalistlərindən ibarət "Əkinçi" komandası ictimai-siyasi xəbər
saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası ilə qarşılaşıb. Oyun
"Əkinçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirin final
oyununda isə televiziya işçilərindən formalaşan “Kaspi” komandası idman
saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə
qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda
"Kaspi"çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə
qaldırıblar.
Mükafatlandırma mərasimində
ilk 3 yerin sahibləri - "Kaspi", "Kəşkül" və
"Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün
iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər.
Turnirin ən yaxşı
qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı
oyunçusu isə "Kaspi"nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi
mükafat verilib.
Sonda tədbirdə
iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor
"Avrora Qrup"un hədiyyələri təqdim olunub.