"Fənərbağça" rəhbərliyi Marco Asensio ilə müqavilənin müddətini uzatmağı və ispaniyalı ulduza komandanın kapitan sarğısını həvalə etməyi planlaşdırır.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, cari mövsümün ən yaxşı formada çıxış edən futbolçularından biri olan Asensio ilə bağlı klub rəhbərliyi artıq hərəkətə keçib. Məlumata görə, komandanın idarəçiləri ispaniyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq və ona kapitanlıq məsuliyyətini vermək niyyətindədir.
Komandaya qoşulduğu gündən nümayiş etdirdiyi oyunla azarkeşlərin rəğbətini qazanan Asensio vurduğu qollar və etdiyi məhsuldar ötürmələrlə hücum xəttinin ən təsirli oyunçusuna çevrilib. Xüsusilə, vacib qarşılaşmalarda hesabın dəyişməsində mühüm pay sahibi olması və meydandakı liderlik keyfiyyətləri həm məşqçilər heyətinin, həm də klub rəhbərliyinin diqqətini cəlb edib.