Qurban Qurbanovdan "Sabah" barədə diqqətçəkən sözlər

22:51 - 14 Mart 2026

Qurban Qurbanovdan \"Sabah\" barədə diqqətçəkən sözlər

"Qarabağ" Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Zirə"ni 1:3 hesabı ilə məğlub edib.


Manset.az Sportal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, oyunda yaxşı dinamika var idi. Bizim üçün vacib matç idi. Qarşımızda çox istəkli, bizi yaxşı təhlil edən kollektiv var idi. Onlar sona qədər təslim olmadılar və bizə rahat oynamağa imkan vermədilər. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram.

- Uzun illərdir belə fikirlər səslənir ki, "Qarabağ" avrokuboklarda çıxışını başa vurduqdan sonra daxili turnirlərdə daha güclü olur və daha yaxşı fokuslanır. Bu fərqi siz də hiss edirsiniz?

- 100 faiz. Avrokubok oyunları olmayanda daha sərbəst olursan. Amma hələ optimal formamızdan uzağıq, tam özümüzə gəlməmişik. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Komanda müəyyən qədər yorulub. Çempionlar Liqasında hər oyunda çox enerji sərf etdilər. Gərgin mövsüm keçdi - hər matçdan əvvəl məsuliyyət və stres var idi. Futbolçular da, hətta mən özüm də çox yükləndik. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı hazırlaşacaqlar. Qarşıda yenə sıx qrafik var, 3-4 gündən bir oynayacağıq. Çalışacağıq ki, futbolçular tam hazır olsunlar və bu qrafikə uyğunlaşsınlar. Bəli, belə fikir var ki, Avropa oyunları olmayanda hər məşqə və oyuna daha yaxşı fokuslana bilirlər.

- Leandro Andrade oyuna mərkəzdə başladı. Onun çıxışını necə qiymətləndirirsiniz?

- Oyunun gedişində rotasiyalar olur. Gözləyirdim ki, matçın gedişində də dəyişikliklər edək. Leandro həm sağ, həm sol cinahda, həm də mərkəzdə oynaya bilir. Çox yaxşı performans göstərdi.

- Kamilo Duranın Kolumbiya millisinə dəvət olunmasını gözləyirdiniz? Dünya çempionatında oynama şansı varmı?

- Qabiliyyətli futbolçudur. Onun sürəti, davranışı və idman xarakteri gələcəkdə daha böyük futbolçu olmasına, daha böyük turnirlərdə oynamasına imkan verə bilər. Buna yalnız sevinərik. Qərarı isə milli komandanın məşqçiləri verəcək.

- Apreldə "Sabah" və "Neftçi" ilə ardıcıl oyunlarınız olacaq. Bu qrafik sizi narahat etmir?

- Kubok və çempionat oyunlarında eyni rəqiblə ardıcıl qarşılaşmaq o qədər də xoş deyil. Bəzən azarkeşlər üçün də eyni komanda ilə tez-tez oynamaq maraqlı olmur. Yəqin ki, sıx qrafik buna səbəb olub. Hər iki komanda üçün eyni vəziyyət olacaq. Mən də istərdim ki, bir rəqiblə oynadıqdan sonra hazırlaşmaq üçün vaxt olsun.

- Kris Kuaku rəqabətə hazır olmadığı üçün komandadan ayrıldı?

- İntizamlı futbolçu idi. Sadəcə, daha çox oynamaq istəyirdi, amma az şans qazanırdı. Məşqçi olaraq onu başa düşdüm və getməsinə mane olmadım. Bizdə də tam alınmadı. Bundan sonra oyunların sayı azalacaq, buna görə də onun qalmasına ehtiyac görmədik.

- Rui Jorjenin U-20 millisinə təyin olunmasını necə qarşıladınız?

- Xeyirli olsun. Bu məsələ artıq bir müddətdir müzakirə olunurdu və hazırlıq gedirdi. Uğurlu olsun.

- Joni Montiel və Marko Yankoviç arasında seçim edərkən çətinlik çəkirsiniz?

- Hər ikisinin birlikdə oynadığı matçlar da çox olub. Son oyunlarda Yankoviç ardıcıl çıxış etdi və müəyyən yorğunluq yarana bilər. Əsas odur ki, futbolçular formada olsunlar və mən də kimə şans verəcəyimi seçim (gülür).

- Sizcə, "Qalatasaray" İngiltərədə "Liverpul" səddini keçə bilər?

- İnamımız böyükdür. O stadionda oynamaq asan deyil. Amma "Qalatasaray"a bol-bol uğurlar arzulayırıq, dualarımız onlarladır. İnşallah keçərlər. Çox yaxşı formada olan, xarakterli bir komandadır, təslim olmağı sevmirlər.

- Çempionlar Liqasında komandanız uğurlu çıxış etdi. Sizə təkliflər var?

- Hələ ki, Bakıdayıq (gülür).

- Sami Mmae əsas komandaya qaytarıla bilər?

- Ola bilər. O cəzalandırılmışdı. Qarşıdakı fasilədə vəziyyətə baxacağıq.

- "Sabah"ın büdrəməsi mümkündür?

- Hazırda "Sabah" çox yaxşı komandadır. Özünəməxsus oyun üslubları, yaxşı kollektivi və güclü baş məşqçiləri var. Üstünlük onların tərəfindədir. Amma biz də sona qədər mübarizə aparacağıq. Heç vaxt deməmişəm ki, taleyimiz tam öz əlimizdədir - hər şey Allahın əlindədir.

- "Sabah"ın Qubadakı stadionda bu qədər qol vuracağını gözləyirdiniz?

- Hazırkı "Sabah"ın istənilən komandaya çox qol vura biləcəyini düşünürəm. Stadionun vəziyyəti də bizimlə oyundan daha yaxşı idi. Orada bir neçə futbolçu zədədən qayıtdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az