Elektron sənəd dövriyyəsinə keçidin məntiqi davamı

17:27 - 14 Mart 2026

Elektron sənəd dövriyyəsinə keçidin məntiqi davamı

Artıq bütün sahələrdə sənəd dövriyyəsinin elektronlaşdırılması işi sürətlə davam edir. Ölkə başçısı tərəfindən verilən son qərarlar bu prosesi daha da sürətləndirmiş oldu. Belə ki, 27 fevral tarixdə rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı, daha sonra 2 mart tarixdə Dövlət maliyyələşməsi üzrə sənəd dövriyyəsinin elektronlaşdırılmasının təsdiqlənməsi dövlət idarəçiliyində rəqəmsal transformasiyanın yeni mərhələsini müəyyən edir. Son qərar ilə “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda edilmiş sənədlərin elektronlaşdırılması ilə bağlı dəyişikliklər təsdiqlənmiş oldu.


Bəs yeni qərarlar nəyi dəyişir? Yeni plan elektron sənəd dövriyyəsinə (ESD) texniki layihə kimi deyil, idarəetmənin əsas infrastrukturu kimi yanaşmanı rəsmiləşdirir. Əvvəlki mərhələlərdə ESD əsasən texniki alət və ya yardımçı mexanizm kimi qəbul edilirdisə, məlum qəralar onu idarəetmənin əsas sütunu kimi rəsmiləşdirir. Burada əsas dəyişiklik ondan ibarətdir ki, ESD artıq ayrıca layihə deyil, daxili idarəetmə, qərar qəbuletmə və xidmət göstərmə proseslərinin ayrılmaz hissəsi kimi nəzərdə tutulur. Əgər ötən dövr ərzində məqsəd elektron sənədin hüquqi qüvvəsinin tanınması və sistemlərin yaradılması idisə, indi əsas hədəf:

• Daxili idarəetmənin tam rəqəmsallaşdırılması,

• “Kağızsız hökumət” modelinə keçid,

• Rəsmi qərar qəbuletmə proseslərinin sürətləndirilməsi,

• Vəzifəli şəxslərin rəqəmsal səriştələrinin artırılmasıdır.

Bu yanaşma ESD-ni alternativ seçimdən çıxararaq məcburi və əsas idarəetmə mexanizminə çevirir.

ESD sistemlərinin uzun müddət qurumdaxili xarakter daşıması, idarələrarası sənəd mübadiləsində vahid yanaşmanın olmaması, paralel olaraq həm elektron, həm də kağız sənədlərlə işləməyin idarəetmədə vaxt itkisi və risklər yaratması, rəqəmsal həllərin mövcud olmasına baxmayaraq, yeni idarəetmə formasına tam keçilməməsi sözügedən qərarlara zərurət yaradan obyektiv səbəblərdir. Bu reallıq göstərirdi ki, problemin kökü təkcə texnologiyada deyil, mərkəzləşdirilmiş yanaşmanın və institusional qərarın olmamasındadır. Yeni Fəaliyyət Planı ötən dövr ərzində qeydə alınmış aşağıdakı boşluqları doldurmuş olur:

1. Parçalanmış sistemlər – Müxtəlif qurumlarda fərqli proqram təminatları mövcud idi və idarələrarası inteqrasiya məhdud idi.

2. Paralel sənədləşmə – Elektron sistem mövcud olsa belə, bir çox hallarda kağız sənəd saxlanılırdı ki, bu da vaxt və resurs itkisinə səbəb olurdu.

3. İdarəetmədə çevikliyin aşağı olması – Operativ qərarların qəbulunda sənəd dövriyyəsi prosesi ləngiyirdi.

4. İnsan amilindən yüksək asılılıq – Nəzarət, izləmə və hesabatlılıq mexanizmləri tam avtomatlaşdırılmamışdı.

Bu səbəblər vahid və mərkəzləşdirilmiş yanaşmanı zəruri etdi.

yanaşma bir neçə əsas yeniliyi sistemli şəkildə gündəmə gətirir. Bu yeniliklər ESD-ni texniki vasitədən çıxararaq idarəetmənin əsas prosesinə çevirir. Dövlət qurumlarında tam rəqəmsal daxili sənəd dövriyyəsinin qurulması, kağız sənədlərin minimuma endirilməsi, idarələrarası inteqrasiyanın daha da dərinləşdirilməsi, rəqəmsal arxiv və məlumat təhlükəsizliyi standartlarının gücləndirilməsi, vəzifəli şəxslər üçün sistemli rəqəmsal bacarıq proqramlarının tətbiqi kimi hədəflər məlum qərarlarda qarşıya vəzifə kimi qoymuşdur.

Anlaşıldığı kimi bu sənəd ESD-nin institusional statusunu gücləndirir, normativ-hüquqi dayaqlarını genişləndirir, tətbiqini vahid standartlar əsasında sabitləşdirir, idarəetmədə şəffaflıq və hesabatlılığı artırır. Ən önəmlisi isə ESD artıq geri dönməz mərhələyə daxil olur və dövlət idarəçiliyinin əsas sütunlarından birinə çevrilir. Yeni yanaşma elektron sənəd dövriyyəsinin rolunu köklü şəkildə dəyişir. Belə ki, ESD artıq alternativ seçim deyil, əsas və məcburi mexanizm olur. Bu mərhələ artıq sistemlərin qurulması deyil, onların optimallaşdırılması və dərin inteqrasiyası mərhələsidir. Əlavə olaraq, elektron sənədin hüquqi, idarəetmə və icra baxımından prioritet statusu möhkəmlənir. Sənədlərin hərəkəti, icrası və nəzarəti vahid rəqəmsal mühitdə həyata keçiriləcək, sənədlərlə işdə şəffaflıq, izlənəbilənlik və hesabatlılıq artacaqdır. Bu təsirlər ESD-ni sadəcə texnoloji sistem yox, idarəetmə intizamının təminatçısına çevirir.

İlkin mərhələdə sözügedən qərarlar birbaşa olaraq dövlət qurumlarını əhatə edir. Lakin praktik baxımdan təsiri daha genişdir. Çünki, dövlət–özəl sektor sənəd mübadiləsi elektronlaşdıqca, özəl sektor da uyğunlaşmağa məcbur olacaq. Dövlət platformaları ilə inteqrasiya tələbi özəl şirkətlərin də ESD tətbiqini sürətləndirəcək. Nəhayətində, ESD rəqəmsal standartlar bazarında ümumi normaya çevriləcək. Yəni proses formal olaraq dövlət sektorunda başlasa da, orta və uzunmüddətli perspektivdə özəl sektora da təsir göstərəcək. Günü-gündən elektron müqavilələr, müraciətlər və hesabatlılıq genişlənir və özəl sektor dövlətin qurduğu rəqəmsal ekosistemə uyğunlaşmağa məcbur olur. Bu baxımdan ESD yalnız dövlət idarəçiliyinin deyil, ümumi biznes və korporativ idarəetmənin də əsas elementinə çevriləcəkdir.

Yekun olaraq qeyd edim ki, həm Yeni Fəaliyyət Planı, həm də təsdiqlənmiş Qərar elektron sənəd dövriyyəsinin inkişafında növbəti mərhələni müəyyən edir. Bu mərhələ artıq texnoloji yenilik deyil, idarəetmə yanaşmasının dəyişməsi deməkdir. ESD artıq keçid mərhələsində deyil, yetkin və geri dönməz institusional mərhələdədir. Bu bir seçim deyil – dövlət idarəçiliyinin əsas və sistemli mexanizmidir. Növbəti addım isə bu yanaşmanın dövlət sərhədlərindən çıxaraq özəl sektorda da vahid standarta çevrilməsidir.

Şəmsi Gülverdiyev

Sənəd dövriyyəsinin təşkili üzrə ekspert


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az