Muxtar respublikada 62 152 baş iribuynuzlu, 415 581
baş xırdabuynuzlu heyvan, 566 460 baş quş və 57 608 arı ailəsi mövcuddur. 2025-ci
ilin ilk altı ayında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı
məhsullarının ümumi dəyəri 144 969,6 manat təşkil edib ki, bunun da 98 962,3
manatı heyvandarlıq məhsullarının payına düşüb. Diri çəkidə 15 332,5 ton ət, 53
753,1 ton süd, 61 milyon 949 ədəd yumurta istehsal olunub. Ötən ilin eyni dövrü
ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı
isə 0,5 faiz artıb.
Manset.az xəbər verir ki, heyvandarlıqda məhsuldarlığın artırılması və
genetik potensialın gücləndirilməsi məqsədilə süni mayalanma tədbirləri də
davam etdirilib. Cari ilin birinci yarısında 5677 baş iribuynuzlu heyvanda süni
mayalanma aparılıb, nəticədə 4782 baş buzov əldə olunub.
Bu göstəricilər Naxçıvan
Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən iclasda açıqlanıb.
Nazir Rafail Quliyevin sədrliyi ilə keçirilən iclasda heyvandarlıq sahəsinin
mövcud vəziyyəti və Süni Mayalanma Mərkəzinin fəaliyyəti geniş müzakirə olunub.
Nazirliyin Heyvandarlığın təşkili və monitorinqi
şöbəsinin müdiri Hüseyn Məmmədov bildirib ki, Naxçıvanda süni mayalanma
işlərinə 2002-ci ildən
başlanılıb. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış Süni
Mayalanma Mərkəzi 2021-ci
ildən fəaliyyət göstərir və hazırda bölgədə 15 süni mayalanma texniki
bu sahədə çalışır. Ən intensiv fəaliyyət Şərur
rayonundadır.
İclasda həmçinin damazlıq təsərrüfatlarının yaradılması, heyvanların lizinqə verilməsi
məsələləri müzakirə edilib, epizootik tədbirlərin təşkili, baytar
xidmətlərinin gücləndirilməsi və buzovların qeydiyyatı zamanı rast
gəlinən nöqsanlar diqqətə çatdırılıb. Süni Mayalanma Mərkəzinin
fəaliyyəti təhlil olunaraq təkmilləşmə istiqamətləri müəyyənləşdirilib.
Kənd təsərrüfatı naziri Rafail Quliyev bildirib ki,
fərdi baytar həkimlərinin işə yanaşması daha məsuliyyətli olmalı, Aqrar Xidmətlər Mərkəzi
və regional dövlət aqrar inkişaf
mərkəzləri ilə fərdi baytarlar arasında əməkdaşlıq əlaqələri
gücləndirilməlidir. Nazir maarifləndirmə
işlərinin genişləndirilməsi, fermer və baytarlar üçün təlim proqramlarının keçirilməsi,
habelə Süni Mayalanma Mərkəzinin fəaliyyətinin genişləndirilməsi üçün fəaliyyət planının hazırlanması
barədə tapşırıq verib.
İclas qərar layihəsinin təsdiqi ilə yekunlaşıb.