"Azərbaycan Hava Yolları" QSC (AZAL) 4 avqust – 30 sentyabr tarixləri arasında Bakı – İstanbul marşrutu üzrə həftəlik reyslərin sayını 17-dən 21-ə, 2-30 avqust tarixləri arasında isə Bakı – Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayını 42-dən 46-ya çatdırıb.
Manset.az bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Bildirilib ki, əlavə reyslər artan sərnişin tələbatını qarşılamaqla yanaşı, səyahətlərin daha rahat planlaşdırılmasına və uçuş seçimlərinin genişlənməsinə imkan yaradacaq.
"Azərbaycanın milli aviadaşıyıcısı sərnişin axınını mütəmadi təhlil edərək uçuş proqramını bazarın ehtiyaclarına uyğun şəkildə optimallaşdırmağa davam edir. Aviaşirkət marşrut şəbəkəsinin inkişafı, donanmanın müasirləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində sərnişinlər üçün daha əlçatan və rahat səyahət imkanları yaratmağı hədəfləyir.
Aviabiletləri rəsmi www.azal.az saytından, AZAL mobil tətbiqindən, həmçinin aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür", - məlumatda qeyd olunub.