“Cənnətin iqamətgahı” — Yaddaş, məkan və musiqinin sintezi

12:21 - 27 Aprel 2026

“Cənnətin iqamətgahı” — Yaddaş, məkan və musiqinin sintezi

Azərbaycanın mədəni irs xəritəsində xüsusi yer tutan Ordubad haqqında yeni ekran əsərinin istehsalına başlanır.


Manset.az xəbər verir ki, “Cənnətin iqamətgahı” adlı sənədli-etnoqrafik-musiqili film mədəni yaddaşın vizual və akustik rekonstruksiyası kimi düşünülüb — məkanın tarixini yalnız təsvir etməklə deyil, onu “eşidilən” və “hiss edilən” bir təcrübəyə çevirməklə. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı,  ISESCO-nun tərəfdaşlığı və Real Təhlil İnformasiya Mərkəzinin informasiya dəstəyi ilə Azernyumedia Şirkətində “Cənnətin iqamətgahı” adlı sənədli-etnoqrafik-musiqili filmin istehsalına başlanır.

Layihə Azərbaycanın qədim yaşayış məkanlarından biri olan Ordubad şəhərinin zəngin mədəni-tarixi irsini, etnoqrafik xüsusiyyətlərini, çoxqatlı adət-ənənələr sistemini və islam mədəniyyətinin izlərini kompleks şəkildə təqdim etməyi hədəfləyir. Çəkilişlərin 2026-cı ilin may ayında başlanması planlaşdırılır. Film klassik sənədli yanaşmadan kənara çıxaraq, etnoqrafiya ilə musiqini vahid dramaturji xəttə çevirir. Ordubadın məhəllələri, dini-memarlıq abidələri və təbii landşaftı tək vizual fon deyil, tarixi yaddaşın bir parçası kimi təqdim olunur.

Ekran işində səslənəcək yerli bayatı nümunələri — “Mingis”, “Ambaras”, “Sərşəhər” — məkanın kollektiv yaddaşı ilə bağlılıq yaradır, keçmişlə bu gün arasında emosional körpü rolunu oynayır. Çəkilişlər Came məscidi kimi tarixi obyektlər də daxil olmaqla, bir sıra autentik məkanlarda aparılacaq.

Yaradıcı heyət

Layihə peşəkar kino mühitində tanınmış yaradıcı qrup tərəfindən həyata keçirilir:

* Ssenari müəllifi və quruluşçu rejissor – Kamran Qasımov

* Bəstəkar – Siyavuş Kərimi

* Təsvir rejissoru – Arif Zeynalov

* Səs supervayzeri – Yaşar Baxış

* Montaj rejissoru – Elçin Şükürov

* Maliyyə direktoru – Sevinc Xəllova

Filmin xronometrajı təxminən 45 dəqiqə nəzərdə tutulur. İstehsalın yay aylarında tamamlanması və beynəlxalq platformalarda nümayişi planlaşdırılır.

Ordubadın mədəni statusu uzun illərdir dövlət siyasətinin diqqət mərkəzindədir. Şəhərə 1977-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoruq statusu verilməsi bu yanaşmanın ilkin mərhələsini təşkil edib.

2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Bundan əlavə, 2026-cı ilin fevral ayında Ordubad şəhərinin ISESCO-nun ilkin siyahısına daxil edilməsi onun beynəlxalq mədəni əhəmiyyətinin təsdiqi kimi qiymətləndirilir.

Bu layihə regional mədəni irsin vizuallaşdırılması, qeyri-maddi irsin (bayatı, yaddaş, məkan dili) qorunması, beynəlxalq platformalarda Azərbaycan mədəniyyətinin təqdimatını hədəf götürür.

Bu baxımdan “Cənnətin iqamətgahı” filmi “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının prioritetlərinə uyğun olaraq mədəni irsin rəqəmsal və kreativ transformasiyasının konkret nümunəsi kimi çıxış edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az