Filmlərin əfsanəvi ulduzu Ceki Çanın baş rolu oynadığı "Allahın zirehi" ("Armour of God") filminin 4-cü hissəsi Qazaxıstanda və Azərbaycanda çəkiləcək.
Manset.az xəbər verir ki, bu barədə "Variety" jurnalı Kann Festivalına həsr olunmuş özəl buraxılışında xəbər yayıb. Çəkilişlərin iyul ayında başlayacağı gözlənilir.
Rejissor Robert Kunun lentə alacağı film "Salem Entertainment" şirkəti tərəfindən istehsal olunur. Prodüserlər Esmond Rend və İqor Tsay Astanada qeyd alınmış "Aləm" Fondunu da layihənin maliyyələşdirilməsinə cəlb ediblər.
Azərbaycandakı çəkilişlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.
"Allahın zirehi: Ultimatum" adlanan filmdə Ceki Çanın canlandırdığı "Asiya qartalı" ləqəbli personajın macəralarının davamını görəcəyik. Bu dəfə o, dəyəri 20 milyon dollardan çox olan "Tumar" adlı qədim artefaktı ələ keçirmək üçün başlanmış qlobal kampaniyanın iştirakçısı olacaq.