BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda təşkil olunan 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 19-da “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” mövzusunda panel sessiya keçirilib.
Manset.az xəbər verir ki, tədbir UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi (UCCN) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
UCCN-in katibi Denise Bax çıxışında bildirib ki, şəbəkə hər zaman innovativ ev modellərinin qurulması, icmaların və yerli iqtisadiyyatın dəstəklənməsi sahəsinə öz dəstəyini verməyə hazırdır.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova WUF13-ün Bakıda keçirilməsinin Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində artan beynəlxalq rolunun aydın göstəricisi olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycandan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər (Şirvanşahlar Saray Kompleksi), Şəkinin tarixi mərkəzi və Xan sarayı ölkəmizin zəngin tarixi-memarlıq irsini əks etdirir. Müasir dövrdə isə Bakıdakı Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və “Ağ Şəhər” layihəsi Azərbaycanın innovasiya və dayanıqlı inkişaf baxışının göstəricisidir.
Sonra tədbir panel müzakirələrlə davam edib.
Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Özbəkistanın Buxara şəhəri merinin müavini və İnvestisiya, sənaye və ticarət idarəsinin rəhbəri Şarofiddin Xusenov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər yenilənməsi və ictimai məkan üzrə rəhbəri Xose Çonq və digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşüblər.
Bildirilib ki, şəhər mühitinin yenilənməsi yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, eyni zamanda ictimai məkanların əlçatanlığı, estetik görünüşü və inklüzivliyi də nəzərə alınmalıdır.
Xatırladaq ki, Azərbaycanın Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə (2017), Bakı şəhəri “dizayn” tematikası üzrə (2019), Lənkəran şəhəri isə “qastronomiya” tematikası üzrə (2021) UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.