logo
logo logo
logo

İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi - FOTOLAR

16:24 - 20 Sentyabr 2026

İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi - FOTOLAR

Azərbaycan geyim mədəniyyətinin müxtəlif dövrlərini və incəliklərini yaşadan “Milli Geyimlər Günü” çərçivəsində İçərişəhərin müxtəlif məkanlarında tədbirlər təşkil olunub.


Manset.az xəbər verir ki, tədbir çərçivəsində qədim geyim nümunələri, müasir dizayner kolleksiyaları, milli rəqslər və musiqi təqdim olunub. Ölkəmizin müxtəlif regionlarının özünəməxsus milli geyimləri və folklor nümunələri də tədbirdə nümayiş etdirilib.

Bakı Fotoqrafiya Evi, Qoşa Qala meydanı və Şirvanşahlar Sarayı Kompleksi boyunca sərgilər, elmi-praktiki seminarlar, milli rəqslər, tarixi və müasir geyim kolleksiyalarının nümayişi, ustad dərsləri və müxtəlif mədəni proqramlar təşkil olunub.

Günün ilk proqramı Bakı Fotoqrafiya Evində keçirilən elmi-praktiki seminarlarla başlayıb. Burada Azərbaycan geyim mədəniyyətinin tarixi inkişafı, Səfəvi irsi, milli geyimlərin formalaşması və onların etnoqrafik xüsusiyyətləri barədə məlumatlar təqdim olunub. Günay Çapay, Aytən Əsədova və Günel Rəhimlinin çıxışlarında mövzu müxtəlif elmi istiqamətlərdən işıqlandırılıb. Ardınca “Bir əsrin insanları” sərgisi ziyarətçilərə təqdim olunub.

Qoşa Qala meydanında isə gün ərzində Azərbaycan milli geyimlərinin təqdim olunduğu sərgi təşkil edilib. Ziyarətçilər “Tağıyev” filmində istifadə olunmuş tarixi geyim nümunələri ilə tanış olub, filmin tarixi dövrünü əks etdirən geyim kolleksiyasını izləyiblər. Meydanda milli rəqslər, etno geyim və musiqi təqdimatları, İçərişəhər sakinlərinin iştirakı ilə milli geyim nümayişi keçirilib.

Yerli dizaynerlərin kolleksiyaları da tədbirdə nümayiş etdirilib. Mehriban Xəlilzadə, Nərgiz Surxayeva və Günay Həsənovanın şəxsi kolleksiyaları təqdim olunub. Eyni zamanda kəlağayının hazırlanması və istehsalı prosesi nümayiş olunub, “Araxçının məndədi” ustad dərsi keçirilib. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının şagirdlərinin təqdim etdiyi milli rəqslər də proqramda yer alıb.

Axşam saatlarında Şirvanşahlar Sarayı Kompleksində mərasim keçirilib. Protokol yürüşü və açılış nitqindən sonra folklor ansamblının çıxışı, milli rəqslər və müxtəlif geyim kolleksiyalarının təqdimatları baş tutub. Tanınmış modelyer-dizayner, milli geyimlərin təbliği sahəsində mühüm xidmətləri olan Gülnarə Xəlilovanın zəngin milli geyim kolleksiyası, eləcə də Gülzadə Abdulovanın “Keçmişdən bu günə” kolleksiyası tamaşaçılara təqdim olunub. Xarici ölkələrin nümayəndə heyətlərinin və dünya xalqlarının geyim və rəqs nümunələri də nümayiş etdirilib. Tədbir “Bakı Nəfəsi” multimedia tamaşası ilə yekunlaşıb.

Beləliklə, “Milli Geyimlər Günü” Azərbaycan milli geyiminin tarixdən bu günə uzanan yolunu, sənətkarlığını, estetik dəyərlərini və müasir yanaşmalarını təqdim edən mədəni tədbir kimi keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az