Uşaq və gənclərin sağlam, savadlı və yüksək mənəvi dəyərlərə malik şəxsiyyət kimi formalaşması cəmiyyətin davamlı inkişafını müəyyən edən əsas amillərdən biridir. Fiziki hazırlığın möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi, vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və sosial məsuliyyət hissinin aşılanması gələcəyin güclü nəslinin yetişməsində mühüm rol oynayır. Məhz bu baxımdan gənc nəslin hərtərəfli inkişafına yönəlmiş layihə və təşəbbüslər təkcə onların fərdi potensialının üzə çıxarılmasına deyil, həm də cəmiyyətin sağlam və dayanıqlı gələcəyinin formalaşmasına mühüm töhfə verir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Manset.az-a açıqlamasında bildirib ki, uşaq və gənclər hər bir ölkənin gələcəyidir. Ona görə də onların sağlam, savadlı və tərbiyəli böyüməsi çox vacibdir. Bu işdə dövlətin, məktəbin və ailənin üzərinə böyük məsuliyyət düşür:

“Dövlətimiz uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün müxtəlif tədbirlər həyata keçirir. Yeni məktəblər, idman zalları və stadionlar tikilir. Gənclər üçün idman yarışları, bilik müsabiqələri və mədəni tədbirlər təşkil olunur. Uşaqların hüquqları qorunur, sağlamlığının möhkəmləndirilməsi üçün müxtəlif proqramlar həyata keçirilir. Kitabxanalar, gənclər mərkəzləri və yaradıcılıq dərnəkləri də onların inkişafına kömək edir.
Orta və ali təhsil müəssisələrində də bu istiqamətdə mühüm işlər görülür. Şagird və tələbələr idman dərslərinə cəlb olunur, müxtəlif idman növləri ilə məşğul olmaq imkanı qazanırlar”.
Deputat qeyd edib ki, məktəblərdə və universitetlərdə vətənpərvərlik, milli-mənəvi dəyərlər, sağlam həyat tərzi və zərərli vərdişlərdən uzaq olmaq haqqında maarifləndirici tədbirlər keçirilir. Müəllimlər gənclərə yalnız bilik vermir, həm də onların düzgün tərbiyə olunmasına çalışırlar:
”Bu işdə valideynlərin də rolu əvəzsizdir. Valideynlər övladlarına sevgi və qayğı göstərməli, onlara düzgün davranış nümunəsi olmalıdırlar. Uşaqların təhsili ilə maraqlanmalı, onların boş vaxtını səmərəli təşkil etmələrinə kömək etməlidirlər. Onları idmana, kitaba və faydalı məşğələlərə həvəsləndirmək çox vacibdir. Eyni zamanda, uşaqlarla açıq söhbət etmək, onların problemlərini dinləmək və doğru yol göstərmək valideynlərin əsas vəzifələrindəndir.
Nəticə olaraq deyə bilərik ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı hamımızın ortaq işidir. Dövlət, məktəb və ailə birlikdə çalışdıqda sağlam düşüncəli, vətənini sevən və faydalı gənclər yetişir. Belə gənclər isə ölkəmizin gələcəyini daha da güclü edirlər”, - deyə A.Hüseynov qeyd edib.
Fidan Vəlisoy
6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
