logo
logo logo
logo

Şanlı Qələbə və güclü siyasət - Azərbaycan dünyaya nümunədir

14:51 - 25 Avqust 2026

Şanlı Qələbə və güclü siyasət - Azərbaycan dünyaya nümunədir

Azərbaycanın Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi hadisə kimi yadda qalıb. Qələbədən sonra Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülüb. Bu çərçivədə müharibə zamanı və sonrakı dövrdə baş verən hadisələrə dair faktların beynəlxalq ictimaiyyətə təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Məqsəd tarixi həqiqətlərin obyektiv şəkildə çatdırılması, baş vermiş cinayətlərin hüquqi və ictimai müstəvidə diqqətdə saxlanılmasıdır. Azərbaycanın bu istiqamətdə apardığı fəaliyyət ölkənin ədalət və beynəlxalq hüquq prinsiplərinə sadiqliyini nümayiş etdirir. Tarixi faktların gələcək nəsillərə düzgün çatdırılması isə bölgədə davamlı sülhün və ədalətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında bildirib ki, bu yolda Azərbaycan təkcə gücdən istifadə etmədi, Azərbaycan hərbi, diplomatik və siyasi gücün kombinasiyası ilə məqsədlərinə çatdı:


“Əgər biz bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun daha da artmasından, daha böyük nüfuz qazanmasından danışırıqsa, hər şeydən əvvəl tarixi qələbəmizi xatırlamalıyıq. Çünki Azərbaycanın öz ərazi və suverenlik hüquqlarını bərpa etməsi, ədalətli müharibə aparması əslində milli güc nümayişi idi. Güc isə həmişə qüdrət yaradır və ətrafdakıları bununla hesablaşmağa sövq edir. Amma Azərbaycan təkcə gücdən istifadə etmədi. Azərbaycan hərbi, diplomatik və siyasi gücün kombinasiyası ilə məqsədlərinə çatdı və nə qədər güclü olsa belə, beynəlxalq hüququ və öz sərhədlərini yaxşı bildiyini nümayiş etdirdi. Bu, özü-özlüyündə bir nümunədir.

Bu gün biz böyük qürur hissi ilə Mərkəzi Asiya, Türkistan coğrafiyası ilə Azərbaycan münasibətlərindən, Özbəkistan, Türkmənistan, Qazaxıstan-Azərbaycan münasibətlərindən, Cənubi Qafqazın iqtisadi inteqrasiyasından, Transxəzər, Transanadolu marşrutları üzrə yüklərin Çindən Avropaya daşınmasından danışırıq. Bir şeyi əsla unutmamalıyıq ki, bütün bunlar Azərbaycanın yaratdığı yeni reallıq, tarixi zəfərimiz kontekstində, Zəngəzur dəhlizindən keçməklə mümkün olacaq hadisələrdir. Bu isə, əlbəttə ki, qələbəmizin nə qədər əhəmiyyətli olduğunu göstərir”.

Deputat qeyd edib ki, qələbə əldə etmək çox çətindir, amma onu qoruyub saxlamaq və dünyaya qəbul etdirmək daha da çətindir. Azərbaycan isə bunu tam olaraq bacarır:

“Əslində, ötən altı ildə Azərbaycan bunu bacardı və qələbəmizin yaratdığı yeni reallığı qəbul etmək istəməyən, onunla barışmayan ölkələrə də bunu qəbul etdirdi. Nəticədə nə baş verdi? Bu gün Avropa İttifaqına üzv olan ölkələr yeni dəhliz vasitəsilə yüklərin daşınmasına və yeni kommunikasiyaların yaradılmasına sərmayə qoymağa çalışırlar. Azərbaycan Prezidenti bununla bağlı çıxışlarında bunu qeyd edib. Bundan sonra Çin şirkətləri və Mərkəzi Asiya ölkələri Azərbaycanla investisiya və istehsal prosesində həvəslə iştirak edir və bununla bağlı konkret layihələr imzalanır. Şübhəsiz ki, bu vektorun bir ucu da qardaş Türkiyə Respublikası üzərindən Avropaya uzanır. Bütün bunlar, əlbəttə ki, dünyaya iki mühüm vasitə ilə çatdırılır. Birincisi, siyasi-diplomatik kanallar vasitəsilə və bu gerçəkliyin dünya siyasətini müəyyən edən siyasi idarəçilərə qəbul etdirilməsi yolu ilə. Bu, çox mühüm strateji məsələdir. Azərbaycan bunu bacarıb. Amma qlobal informasiya məkanında, ümumi qlobal ictimai rəy kontekstində qələbəmizin dünyaya çatdırılması da vacibdir. Bunun üçün Azərbaycanın milli mediası, qeyri-hökumət təşkilatları, siyasi fəal şəxsləri və parlament diplomatiyası çox mühüm işlər görür. Ona görə də mən düşünürəm ki, bütün bunlar Azərbaycanın vahid siyasi mövqeyinin bir parçasıdır”.

 

Fidan Vəlisoy

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az